Logo

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə - FOTO

07.12.2023 17:32 141 baxış
IMG

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəvəti ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Daşkəndə səfər edib.

Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Mədəniyyət Mərkəzində olub.

Direktor Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Mədəniyyət Mərkəzinin Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ etmək istiqamətində gördüyü işlərdən söz açaraq yüzdən artıq nəşrin özbək dilinə tərcümə edildiyini, çoxsaylı sərgilərin, konsertlərin, konfransların təşkil olunduğunu, layihələrin həyata keçirildiyin vurğulayıb.

Azərbaycan dilinin Özbəkistanda təbliği və tədrisinin Azərbaycan Mədəniyyət Mərkəzinin əsas prioritetlərindən olduğunu qeyd edən Samir Abbasov bunun üçün kursların yaradıldığını, lüğətlərin, danışıq kitablarının, dərs vəsaitlərinin nəşr edildiyini bildirib, elektron platformada tədrisin təşkili və bu sahədə layihələrdən söz açıb. Özbəkistanın bir çox ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiklərini vurğulayan diplomat artıq ali məktəblərdə Azərbaycan dilinin tədrisinə nail olduqlarını və Özbəkistan Gənclərlə İşlər Agentliyi tərəfindən həyata keçirilən “İbrat farzandlari” layihəsi çərçivəsində ana dilimizin bütün Özbəkistanda onlayn formatda tədris olunduğunu qeyd edib.

Sözügedən layihə haqqında məlumat verən S.Abbasov özbək gənclərinə dünyanın aparıcı xarici dillərinin öyrədilməsi məqsədilə yaradılmış bu platformanın 25-dən artıq xarici dili əhatə etdiyini və burada əcnəbi dillərə yiyələnmək istəyən dörd yüz əlli mindən çox gəncin birləşdiyini qeyd edərək Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyilə artıq Azərbaycan dilinin də bu sözügedən platforma üzərindən tədrisinin həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, Monitorinq Mərkəzinin əsas məqsədinin müasir Azərbaycan dilinin leksik, qrammatik normalarının qorunub saxlanılması, mətbuatda, nəşrlərdə, televiziya proqramlarında, məlumat lövhələrində, reklamlarda, ümumiyyətlə, Azərbaycan dilinin işləndiyi hər bir sahədə ədəbi dilin qrammatik və leksik normalarının qorunub saxlanılması və bu qaydalara riayət edilməsinə nəzarət, maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edib. O, Azərbaycan dilinin populyarlaşdırılması, tədrisi və dil normalarının qorunması sahəsində Azərbaycan Mədəniyyət Mərkəzi ilə də əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb. Monitorinq Mərkəzinin rəhbəri xarici ölkələr arasında Özbəkistanda ana dilimizin təbliği və tədrisi istiqamətində qazanılan uğuru yüksək qiymətləndirib və bu istiqamətdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini təqdirəlayiq hesab edib.

Sevinc Əliyeva gələcəkdə Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq, bu istiqamətdə birgə layihələrin reallaşdırılması, daha səmərəli fəaliyyət, habelə özbək tərəfi ilə əlaqələrin koordinasiyası, əməkdaşlığın yaradılması işində maraqlı olduqlarını bildirib.

Sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış “Heydər Əliyev”, “Azərbaycan mədəniyyəti və dövlətçilik tarixi”, “Dostluq”, “Azərbaycan xalçaları” muzeyləri ilə tanış olublar.

Qonaqlar daha sonra Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış və yaxın günlərdə açılışı nəzərdə tutulan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, eləcə də Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Azərbaycan Elmi Araşdırmalar Mərkəzini ziyarət ediblər.

Qeyd edək ki, həmin mərkəzlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılıb.

Xəbər lenti