Logo

Salyanda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib - FOTO

08.12.2023 10:18 172 baxış
IMG

Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ulu Öndərin Azərbaycan dilinin inkişafı yolunda gördüyü işləri, həyata keçirdiyi əhəmiyyətli tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Məhərrəm Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyəti illərində rayonun sosial–iqtisadi inkişafından, dahi rəhbərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini söyləyən Məhərrəm Məmmədov bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri yazıçı-publisist Nəbi İbrahimov milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə dahi liderin Azərbaycanda həyatın bütün sahələrinin təkmilləşməsinə böyük diqqət ayırdığını qeyd edərək, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və dilçiliyinin bugünkü inkişaf səviyyəsinə çatmasında Ulu Öndərin əvəzsiz rolundan bəhs edib.

Azərbaycan dilinin xalqımızın varlığını təsdiq edən başlıca amillərdən olduğunu deyən Nəbi İbrahimov xalqın öz dilini dünya mədəniyyəti səviyyəsinə qaldırmasının ölkənin qabaqcıl şəxsiyyətlərinin, görkəmli xadimlərinin əməyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

Bölmə sədri bildirib ki, Prezident İlham Əliyev bu gün Ulu Öndərin elm, mədəniyyət, dil və digər sahələrdəki siyasətini uğurla davam etdirir. O, dövlət başçısı İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxışında səsləndirdiyi “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyub saxlayan mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, musiqi ənənələrimiz olub. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qoruyub saxlayırıq” fikirlərini xatırladaraq cənab Prezidentin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində gördüyü işlərdən danışıb.

Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək Ulu Öndər Heydər Əliyevin apardığı dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətləri ilə əsl məktəb yaratdığını diqqətə çatdırıb.

O, dahi lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi ardıcıl dil siyasətinin Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdiyini vurğulayaraq, müstəqillik illərində ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu bildirib.

Direktor qeyd edib ki, Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Onun sözlərinə görə, bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Professor Nadir Məmmədli qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunmasının vacibliyinə toxunaraq, dilimizin əsrlər boyu yad təsirlərə məruz qalsa da, oz saflığının qoruyub saxlaya bildiyini diqqətə çatdırıb. Azərbaycan ədəbi dilinin Sovet İttifaqı dövründə formalaşdığını bildirən məruzəçi hələ 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Ulu Öndərin Azərbaycan dilində çıxış etməsinin o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə hesab olunduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova, Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı, şair-publisit Əzizağa Məmmədli, şair Zabil Pərviz və digərləri çıxış edərək mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi olan dilin milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər. Çıxış edənlər milli mənəvi dəyərlərimizə diqqət və qayğı göstərən, onlara yüksək qiymət verən Ümummilli Lider Heydər Əliyevin dil siyasətindən bəhs edərək Ulu Öndərin dilimizin qorunmasına və inkişafına daim həssaslıqla yanaşdığını vurğulayıblar.

Xəbər lenti