Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.
Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi, ŞAR GAMŞ-ın sədri Aynurə Həsənova “Scopus axtarış bazasından effektiv istifadə” mövzusunda məruzə ilə çıxış edib.
Seminar Elm və Təhsil Nazirliyi və Elsevier şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkətin əməkdaşları tərəfindən elm və ali təhsil müəssisələri üçün Scopus bazasından istifadə məqsədilə təşkil olunan sertifikasiya proqramı (“Scopus Certification Program”) və “Scopus Academy Program”-ın 4 kursu (“Basic Search”, “Advanced Search”, “Metrics”, “Research Collaborations”) əsasında formalaşdırılmışdır.
Seminarda Scopus axtarış bazasında açar söz vasitəsilə ilkin axtarış, axtarışın redaktə olunması və dəqiqləşdirilməsi, Scopusda qeydiyyatdan keçmək qaydası və qeydiyyatdan keçməyin üstünlükləri, axtarış tarixçəsinin saxlanılması, tarixçəyə daxil olma və axtarış xəbərdarlıqlarının qurulması şərh edilib. O cümlədən, axtarış nəticələrinin yüklənməsi və müxtəlif formalarda saxlanılması, müəllif, jurnal, mənbə və ya təqdiqat müəssisəsi üzrə axtarış, analiz və qiymətləndirmə qaydaları izah olunub.
Məruzəçi seminarda qabaqcıl axtarış təlimi üzrə axtarışın genişləndirilməsi və təkmilləşdirilməsi, axtarış nəticələrinin müxtəlif əsaslara əsasən analizi, axtarılan məqaləyə olunan istinadlar və məqalədə istinad olunan mənbələri görmək qaydasını əyani olaraq göstərib. Astronomiya sahəsi üzrə rəyçilərin və ya ekspertlərin, potensial tədqiqat əməkdaşlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi, mənbələrin müqayisəsi, jurnalların reytinqinin aşkarlanması haqqında məlumat verib.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.