Logo

Sabah xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

09.12.2023 11:57 167 baxış
IMG

Dekabrın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanda 403 iddiaçının iştirak edəcəyi gözlənilir. 394 nəfər ingilis dili, 7 nəfər fransız dili, 2 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.

İddiaçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- imtahana buraxılış vərəqəsi.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə (vizual məlumatın yazılı təsviri üçün) ayrılır. İmtahanın keçirilməsi üçün ümumilikdə 3 imtahan binası, 6 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 42 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd edək ki, dekabrın 10-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan dekabrın 17-də keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 11-də keçiriləcək.

Xəbər lenti