Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Midea Group” arasında birgə kadr hazırlığının aparılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, memorandum çərçivəsində isitmə, soyutma və havalandırma sistemləri sahəsi üzrə ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, beynəlxalq standartlara əsasən təlim akademiyasının qurulması, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə peşə təhsil müəssisələri ilə əməkdaşlıq və müasir təlim mərkəzinin tikilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində sözügedən istiqamət üzrə sənaye ilə peşə təhsil müəssisələrinin əməkdaşlığının vacib olduğuna diqqət çəkilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov: “Sənayenin ehtiyaclarına uyğun tədrisin təşkili bizim üçün prioritetdir. Buna görə də sənaye ilə yaxından işləməyə çalışırıq. Xüsusilə də isitmə, soyutma və havalandırma sistemləri istiqamətində dünya miqyasında ən böyük şirkət olan Midea ilə olan əməkdaşlığımız bu sahədə müasir biliklərə malik kadrlar yetişdirməyimizə kömək edəcəkdir”.
Qeyd edək ki, “Midea Group” sənaye və tikinti texnologiyaları, ağıllı ev, robototexnika və avtomatlaşdırma həmçinin innovativ biznes texnologiyaları üzrə dünyanın ən böyük istehsalçılarından biridir.