Logo

MDU-da beynəlxalq elmi konfransın üzbəüz bölmə iclasları keçirilib - FOTOLAR

09.12.2023 23:22 89 baxış
IMG

Dekabrın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda hibrid formatda təşkil edilən beynəlxalq elmi konfransın üzbəüz bölmə iclasları keçirilib.

Bu barədə "Tehsil.biz"ə MDU-dan məlumat verilib.

İşğaldan azad edilmiş şəhər və rayonlarımızın adlarının verildiyi auditoriyalarda  üzbəüz formatda keçirilən 10 bölmə iclasında MDU, Dövlət İdarəçilik Akademiyası, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ETN İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Turizm Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci və Ağdaş Dövlət Humanitar Kollecinin professor-müəllim heyət üzvləri və tədqiqatçıları təmsil olunublar.

Bölmə iclaslarında davamlı inkişaf strategiyası, keyfiyyətli təhsil, dördüncü sənaye inqilabı, yaşıl enerji, təmiz ətraf mühit, postkonflikt inkişaf çağırışları, humanitar elmlərdə yeni tendensiyalar, türk dünyası, turizmin davamlı inkişafda artan rolu və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Konfrans  onlayn formatda bölmə iclasları ilə davam edəcək.

Qeyd edək ki, MDU-nun ev sahibliyi etdiyi beynəlxalq konfrans Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir. Beynəlxalq konfransa MDU ilə yanaşı, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Kayseri Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universiteti və Qırğız Respublikasının Qırğız İqtisad Universiteti həmtəşkilatçılıq edir. Dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və müvafiq qurumlarından  beynəlxalq konfransa ölkəmizdən və xaricdən ümumilikdə 562 tezis və məqalə daxil olub.

Xəbər lenti