Logo

Üç minə yaxın gənc bir çətir altında birləşdi - FOTO

10.12.2023 14:00 115 baxış
IMG

“Azərbaycan Könüllülük Həftəsi 2023” 5 dekabr tarixindən etibarən həyata keçirilməsinə baxmayaraq, respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edərək artıq üç minə yaxın Azərbaycan könüllüsünü bir çətir altında birləşdirməyə nail olub.

Ulu öndərin tövsiyələrinə əsaslanan həftə çərçivəsində “Vətənpərvərlik”, “Təhsil və Elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət” və “Mənəvi tərbiyə” istiqamətləri üzrə keçirilən layihələr, kampaniyalar könüllülər tərəfindən yüksək maraq və rəğbətlə qarşılanır.

Həftənin “Mədəniyyət” istiqaməti üzrə baş tutacaq tədbirlərinə artıq start verilib. “Səhnə Könüllülərindir!” adlı yaradıcılıq gecəsinin ardından həyata keçirilən “Tarixə bağlanan mədəniyyət” və “MədəniyyətimİZ” layihələri könüllülərin maariflənməsi istiqamətində öz işinə başlayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə İçərişəhər ərazisində həyata keçirilən “Tarixə bağlanan mədəniyyət” layihəsi çərçivəsində 100-ə yaxın Azərbaycan könüllüsü 20 komandaya bölünərək “Kod Da Vinçi” formatında məntiqi intellektual oyunda iştirak edib.

“MədəniyyətimİZ” layihəsi çərçivəsində, ümumilikdə 300 nəfərə yaxın müxtəlif təşkilatların könüllülərinin iştirakı ilə xalqımızın milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı Azərbaycan İstiqlal Muzeyinə, tarixin müxtəlif zamanlarını əhatə edən incəsənət əsərlərinin nümayişi ilə seçilən Azərbaycan Milli İncəsənət Muzeyinə, Vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiya və sərgiləri ilə seçilən Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyalar edilib.

Qeyd edək ki, ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daim diqqət və qayğısı nəticəsində könüllülük hərəkatı bu gün daha geniş imkanlarla fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023” 19 dekabr tarixində yekunlaşacaq.

Xəbər lenti