Almaniyanın və Avropanın akkreditasiya təşkilatlarından biri olan “Foundation for International Business Administration Accreditation” (FIBAA) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramlarının 5 ixtisası Avropa standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunub.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, FIBAA-nın Akkreditasiya və Sertifikatlaşma Komitəsinin qərarına əsasən ADNSU-nun 5 ixtisası – menecment (Bachelor of Business Administration Programme in Managerial Science), biznesin idarə edilməsi (Bachelor of Business Administration Programme in Business Economics), menecment (Organizations Management), heyətin idarə edilməsi (Human Resources Management) və marketinq (Marketing Management) ixtisasları beynəlxalq akkreditasiyadan keçib.
Ümumilikdə ADNSU-da 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Hazırda dünyada ən çox yayılmış institusional və proqram akkreditasiyasıdır ki, təhsildə geniş tətbiq olunur və bir sıra üstünlükləri var. Belə ki, akkreditasiya müvafiq ixtisas üzrə tədris planının beynəlxalq olmasına, Bolonya sisteminin tələblərinə uyğun olaraq tələbələrin tədris müddətində təhsillərini digər universitetlərdə asanlıqla davam etdirə bilmələrinə, mobilliyə və diplomlarının dünyada tanınmasına, eləcə də universitetin beynəlxalq nüfuzunun artmasına şərait yaradır.
FIBAA ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlikdir. 1994-cü ildə Almaniya, İsveçrə və Avstriyanın aparıcı ticarət və sənaye şirkətlərinin təsis etdiyi FIBAA Avropa və dünyanın bir sıra ölkələrində 1900 təhsil proqramını akkreditasiyadan keçirib. FIBAA Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının – ENQA, Akkreditasiya üzrə Avropa Konsorsiumunun – ECA, Mərkəzi və Şərqi Avropa ölkələrinin ali təhsilində keyfiyyətin təminatı üzrə Agentliklər Şəbəkəsinin – CEENQA, Ali təhsildə keyfiyyətin təminatı üzrə Beynəlxalq agentliklər şəbəkəsinin – İNQAAHE, Avropa Universitetləri Assosiasiyasının – EUA və digər qurumların üzvü, bəzisinin həmtəsisçisidir. Təhsil proqramlarının akkreditasiyası üzrə prosedurlar zamanı FIBAA akademik dairələrdə yüksək dəyərləndirilən ekspert qiymətləndirməsi metodundan istifadə edir. Keyfiyyətin qiymətləndirilməsi kompetensiyalı və müstəqil beynəlxalq ekspertlər tərəfindən aparılır.