Elm və təhsil naziri Emin Əmrullayev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə təhsil sistemində həyata keçirilən islahatlar, agentlikdə müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər, gələcək planlar barədə danışılıb.
Elm və təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması üçün bir sıra məsələlərin icra səlahiyyətlərinin yerlərə ötürülməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.
E.Əmrullayev Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil siyasətində agentliyin rolunu, ümumi strategiyaya uyğun olaraq proseslərə nəzarət və icra mexanizminin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.
Nazir təhsilin keyfiyyətinin artırılmasının, metodik xidmətlərin, şagirdlərin təhlükəsizliyi məsələlərinin və bu istiqamətdə müəyyən mexanizmlərin işlənib hazırlanmasının vacibliyini qeyd edib.
Məktəbdənkənar təhsilin şagirdlərin sosial fəaliyyətinin və yumşaq bacarıqlarının formalaşmasına təsirinin vacibliyi vurğulanıb. Həmçinin nazir qeyd edib ki, ölkə üzrə, xüsusilə regionlarda şagirdlərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, idmanın təşviqi olduqca əhəmiyyətlidir.
Görüşdə ölkə üzrə məktəbəqədər təhsilin göstəricilərinin inkişafı barədə müzakirələr aparılıb. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və məzmunun təkmilləşdirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkarlığının artırılmasının müvafiq istiqamətdə inkişafa töhfə verəcəyinə əminlik ifadə edilib.
Nazir çıxışının sonunda işin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib, agentlik əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.