Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Scopus” elmmetrik bazasından effektiv istifadə” mövzusunda seminar keçiriləcək.
İnstitutdan "Tehsil.biz" bildirilib ki, seminar “Elsevier” şirkəti tərəfindən Elm və Təhsil Nazirliyinin nəzdində olan elm və ali təhsil müəssisələri üçün “Scopus” elmmetrik bazasının imkanlarından effektiv istifadənin təmin olunması məqsədilə həyata keçirilən sertifikasiya proqramı (Scopus Certification Program) əsasında təşkil ediləcək.
Seminarda “Scopus” elmmetrik bazasından istifadə, bazada qeydiyyatdan keçmək qaydası və qeydiyyatdan keçməyin üstünlükləri izah olunacaq. Həmçinin “Scopus” axtarış bazasında məqalə, müəllif, mənbə və ya tədqiqat müəssisələri üzrə ilkin və təkmilləşdirilmiş axtarış, axtarışın redaktə olunması və dəqiqləşdirilməsi, axtarış tarixçəsinin saxlanılması və axtarış xəbərdarlıqlarının qurulması, axtarış nəticələrinin müxtəlif formalarda saxlanılması şərh ediləcək. Axtarış nəticələrinin analizi, axtarılan məqaləyə olunan istinadlar və məqalədə istinad olunan mənbələri görmək qaydası, jurnalların reytinqinin aşkarlanması və müqayisəsi, müəllif, mənbə və ya tədqiqat müəssisələri üzrə statistik məlumatların əldə olunması əyani olaraq göstəriləcək.