Logo

“Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib - FOTO

15.12.2023 19:51 260 baxış
IMG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı növbəti tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin əsas məqsədi bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir.

Əyləncəli-maarifləndirmə formatda keçirilən tədbirdə uşaqlar üçün əyləncəli və maarifləndirici proqramlar, viktorinalar, “face art” və rəqs qruplarının çıxışları təşkil edilib. Tədbir çərçivəsində valideynlərə peyvəndin önəmindən bəhs edən təbliğat materialları paylanılıb, eyni zamanda ölkəmizdə uşaqlara vurulan peyvəndlər haqqında məlumatlar verilib, onları maraqlandıran və narahat edən suallar cavablandırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda hepatit B, qızılca, vərəm, tetanus, poliomielit, difteriya, göyöskürək, B tipli hemofil infeksiya, məxmərək, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur. Peyvəndlərin zəncirvari tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır.

Ölkəmizdə peyvəndləmə Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir və istifadə edilən bütün vaksinlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir, təhlükəsizliyinə zəmanət verilir. Profilaktik peyvəndlər vasitəsilə yoluxucu xəstəliklərin qarşısının alınması (immunoprofilaktika) yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilir və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Artıq bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunub.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının rəyi və nəzarəti altında dünyanın 180 ölkəsində vaksinasiya proqramı icra edilir. Əlavə edək ki, Azərbaycanda peyvəndləmənin sistemli şəkil aparılması nəticəsində poliomielit xəstəliyi ləğv edilib, məxmərək, difteriya, tetanus, göyöskürək xəstəliklərinin səviyyəsinin aşağı düşməsinə nail olunub.

Xəbər lenti