Logo

Süni intellekt vasitəsilə ilk dəfə beyin siqnalları əsasında görüntü reproduksiya olunub

17.12.2023 11:31 295 baxış
IMG

Yaponiya mütəxəssisləri dünyada ilk dəfə olaraq insan beyini siqnallarının emal edilməsi əsasında generativ süni intellekt (AI) vasitəsilə görüntü reproduksiya etmək imkanı verən texnologiya işləyib hazırlayıblar. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, eksperimentin gedişində Milli Kvant Elmləri və Texnologiyalar İnstitutundan olan tədqiqat qrupu insan tərəfindən obyektlərin və mənzərələrin görüntülərinin gözdən keçirildiyi an beyin siqnallarını qeyd edib. Eksperimentdə iştirak edənlərə 1200 müxtəlif görüntü göstərilib. Eyni zamanda, beyin aktivliyi funksional maqnit-rezonans tomoqrafiya (MRT) köməyi ilə təhlil edilib. Həmin şəkilləri beyin siqnalları ilə müqayisə etməyi bacaran AI bazasına yükləyiblər.

Bundan əvvəl aparılan tədqiqatlar artıq göstərib ki, insanın gördüyü şəkillər funksional MRT tərəfindən emal olunmuş beyin siqnalları əsasında rekonstruksiya oluna bilər. Lakin yalnız məhdud diapazondakı şəkillər bu yolla reproduksiya oluna bilərdi. İndi isə yapon alimləri bundan əvvəlki nailiyyətlərə əsaslanaraq, beyin siqnallarını rəqəmlərə çevirən proqram işləyib hazırlayıblar, artıq təlim keçmiş süni intellekt həmin rəqəmlər əsasında görüntüləri reproduksiya edir.

Aydın çəkilmiş ağzı, qulaqları və xallı rəngli tükü olan bəbir obrazı reallığa ən yaxın olanı idi.

Alimlər hesab edirlər ki, bu texnologiyanı rabitə cihazlarının işlənib hazırlanması, eləcə də hallüsinasiya və insan yuxusunun mexanizmlərini anlamaq üçün istifadə etmək mümkün olacaq.

Xəbər lenti