"Dərsliklər bəziləri bərbad haldadır. Xüsusilə də ümumi tarix, kimya və s. Ümumi tarix dərsliyində verilən informasiyalar bir çox mövzularda xaotik səciyyə daşıyır. Tarix fənn müəllimləri haqlı etiraza başlayıblar. Çünki bir dərslikdə verilən informasiya digərində yoxdur. Abituriyent isə əlacsızlıqdan öyrənməlidir. Çünki qəbulda düşə bilər".
Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndiyev bildirib.
Onun sözlərinə görə, II və III ixtisas qrupunda hazırlaşan abituriyentlər rəsmən istismar olunur:
"Təkcə tarix dərslikləri 12 addadır. Ümumilikdə 6-7 fənn üzrə hazırlıq keçirlər. Yazıq valideyn. Aylıq hazırlıq qiyməti minimum 250, maksimum 1000 manatdır. II ixtisas qrupuna gəldikdə isə fikrimcə, buradan ümumi tarix fənnini çıxartmaq lazımdır. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları artıq bu qrupda yer almır. Dövlət İmtahan Mərkəzi nəzərə almalıdır".
Ekspert bütün dərsliklərin yenidən, şəffaf və düzgün hazırlanmasına ehtiyac olduğunu hesab edir:
"Bundan əlavə qəbul imtahanlarının modeli, formatı dəyişməlidir. Fənlərin sayı minimallaşdırılmalıdır. Müəllimlərin əziyyətinə, şagirdlərin və valideynlərin istismarına son verməyin zamanı çoxdan keçib. Aidiyyətı qurumlar mütləq nəzərə almalıdır".
Mərcanə Əsədova