Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Yeddi hektar ərazini əhatə edən mərkəzin bu ilin sonuna qədər ziyarətçiləri qəbul etməsi planlaşdırılır.
Daşkənd şəhərinin qədim hissəsində - Almazar rayonunda, məşhur Həzrəti İmam (Həstimom) kompleksinin ərazisində yerləşən İslam Sivilizasiyası Mərkəzinin (İSM) beş ildir davam edən tikintisi başa çatmaq üzrədir. Yeddi hektar ərazini əhatə edən mərkəzin bu ilin sonuna qədər ziyarətçiləri qəbul etməsi planlaşdırılır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tikilinin İslam Mədəniyyəti Mərkəzi deyil, İslam Sivilizasiyası Mərkəzi adlandırılması təklifi məmnunluqla qarşılanıb.
İslam Sivilizasiyası Mərkəzi təkcə türk dünyasında deyil, bütün İslam dünyasında bu istiqamətdə fəaliyyət göstərən elmi mərkəzlər üçün baza rolunu oynayacaq.
“Kaspi” qəzeti bu barədə məqalə dərc edib.
Daşkənd şəhərinə mediatur zamanı jurnalistləri Mərkəzdə müşayiət edən İSM-in beynəlxalq şöbəsinin rəhbəri Səid Kamil Xalxocayev məlumat verdi ki, mərkəzin yaradılmasında əsas məqsəd bütün dünyaya İslamın terror deyil, mədəniyyət daşıyıcısı olduğunu isbatlamaqdır: “Məqsədimiz Orta Asiyada analoqu olmayan, zəngin dəyərlərə, gözəl adət-ənənələrə malik İslamı dünyaya nümayiş etdirmək, onun sülh, humanizm və inkişaf dini olduğunu göstərməkdir. Bəzən dünyanın müxtəlif yerlərində İslamı terrora çağırış edən ideologiya kimi qəbul edirlər. Amma baş verən qanlı hadisələrin İslam mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur”. Mərkəz təmsilçisi bildirdi ki, İSM-də region alimlərinin böyük irsi, onların dünya sivilizasiyasına, mədəniyyətinə, elm və tarixinə, eləcə də İslam mədəniyyətinə töhfələri öyrəniləcək: “İslamın zəngin və tarixi mədəniyyət daşıyıcısı olduğunu tezliklə bütün dünya görəcək. Mərkəz təkcə İslam həmrəyliyində deyil, dünya xalqlarının həmrəyliyində böyük rol oynayacaq, İslam dünyasının maddi və mənəvi mədəniyyətinin qorunmasına töhfələr verəcək”.
İslam Tarixi Muzeyi doqquz bölmədən ibarətdir. Binanın mərkəzində, 65 metrlik günbəzin altında İslam dünyasının incisi olan Hz. Osmanın “Quran”ı qorunur. “İslamdan əvvəlki dövrdə Orta Asiya”, “Mərkəzi Asiyada İslamın yayılması”, “Təhsil”, “Elm”, “Memarlıq və şəhərsalma”, “İncəsənət və sənətkarlıq”, “Ənənələr” və “Üçüncü İntibah - Yeni Özbəkistan” bölmələri isə bu salonun ətrafında yerləşdirilib. Birinci mərtəbədə 550 yerlik konfrans zalı da nəzərdə tutulub. Şərq üslubunda möhtəşəm günbəz, dörd tərəfdən isə hündürlüyü 34 metr olan minarələr ucaldılıb. Binanın birinci mərtəbəsində muzey, qədim əlyazmaları və əşyaları mühafizə və bərpa etmək üçün otaqlar, mətbəə, kitab mağazaları olacaq. Mərkəzdə tarixi mənbələr və eksponatlar nümayiş etdiriləcək, tematik sərgilər təşkil olunacaq.
Mərkəzin ikinci mərtəbəsində təxminən 15 min kvadratmetrlik sərgi zalı olan İslam Sənəti Muzeyi yerləşir.
Üçüncü mərtəbədə rəqəmsal nüsxələri ilə birlikdə 100 min əlyazma, müxtəlif müasir dövri nəşrlər olan kitabxana, informasiya-resurs mərkəzi, elmi kafedralar və inzibati otaqlar yer alıb.
Yerli və xarici mütəxəssislər mərkəzdə elmi tədqiqatlarla məşğul olacaq, onların fəaliyyətinin nəticəsi kimi ensiklopediyalar, elmi nəşrlər çap olunacaq, televiziya verilişləri hazırlanacaq, filmlər çəkiləcək. Yerli və xaricdə saxlanılan qədim əlyazmaların, litoqrafiyaların, tarixi sənədlərin, müasir dini və maarifləndirici ədəbiyyatın ən böyük məlumat bazasına sahib muzeydə 40 mindən çox eksponat nümayiş etdiriləcək: “Onları sərgiləmək üçün yeni informasiya texnologiyalarından istifadə edilir. Sərgilərin formalaşmasına tarixçilər, ilahiyyatçılar, sənətşünaslar, memarlar, arxeoloqlar, aparıcı muzey mütəxəssisləri, rəssamlar, dizaynerlər və digər mütəxəssislər cəlb olunub”.
Muzeyin fondu da elmi cəhətdən inkişaf etdirilib. Ekspozisiyalar İslam elminə, incəsənətinə və mədəniyyətinə aid yerli və xarici eksponatların, antik dövrün arxeoloji abidələrinin tematik seçilmiş kolleksiyasından ibarətdir. Onların arasında “zaman dəhlizləri” yer alıb - eksponatlar sivilizasiyanın inkişafına uyğun yerləşir.
Mərkəzdə fəaliyyət göstərəcək Beynəlxalq İslam Akademiyasında 200-dən çox tələbə magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirə biləcək. Özbəkistan Prezidenti də qeyd edib ki, Beynəlxalq İslam Akademiyasının müəllimləri və tələbələri bu mərkəzdə öz biliklərini zənginləşdirəcəklər: “Bu mərkəz əsrlər boyu xalqlara xidmət edəcək”. Mərkəz ziyarət turizmi üçün bələdçi və tərcüməçilər də hazırlayacaq, İslam sivilizasiyasının öyrənilməsinə yönəlmiş mühazirələr, sərgilər, konfranslar, simpoziumlar və digər tədbirlər təşkil ediləcək.
Səid Kamil Xalxocayev bildirdi ki, hazırda mərkəz 15 ölkənin 30-a yaxın təşkilatı ilə əməkdaşlıq edir. Həmin ölkələrin muzeyləri, universitetləri, kitabxana fondları, elmi-tədqiqat mərkəzləri ilə əlaqələr qurulub. Mərkəz Azərbaycanla da əməkdaşlıq edir: “Azərbaycan İslam ölkələri arasında əməkdaşlığa böyük töhfə verir və bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir. İslam dəyərlərinin təbliği istiqamətində çoxlu işlər görən Azərbaycanın təcrübəsi çox böyükdür.
İslam Sivilizasiyası Mərkəzinin muzeyində İslam irsi eksponatlarının zənginləşdirilməsi, mədəniyyət mərkəzinin yaradılması məsələlərində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edirik. Əməkdaşlığımızın təkcə türk dünyasına deyil, bütün İslam aləminə faydası olacağına ümid edirik”.
Mərkəzin Özbəkistan turizminin inkişafına böyük töhfə verəcəyi gözlənilir. Bununla ölkənin dini və tarixi turizm marşrutlarına nəhəng elm, təhsil və mədəniyyət marşrutu da birləşəcək.