Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə arzularına çatmaq üçün çox çətinliklərə sinə gərib. Bu gün o, qadın olduğu üçün mübarizəsini yarımçıq qoyan bütün xanımlara örnəkdir.
Onun bugünkü uğurunun arxasında böyük zəhmət, əzm, mübarizə, sözün əsl mənasında nəticəsi qalibiyyət olan müharibə var idi. Bu gün o, qadın olduğu üçün mübarizəsini yarımçıq qoyan bütün xanımlara örnəkdir.
“Kaspi” qəzetinin müsahibi futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadədir. Sevincin həyat hekayəsinə nəzər salaq.
Lənkəranın Viravul kəndində dörduşaqlı ailədə böyüyüb. İki bacısı, bir qardaşı var. Atası avtobus sürücüsü olub. Bütün kənd yerlərində olduğu kimi gəlirləri əsasən həyətdə saxladıqları qoyun-quzudan çıxıb. Elə futbol bacarığını da qoyunların keşiyini çəkərkən kəşf edib: “Futbolçu və idmançı olaraq formalaşmaqda uşaq vaxtı keçirdiyim qəzanın rolu çoxdur. Üç yaşımda məni inək təpiklə vurub və ürəyimdən ciddi zərbə almışam. Hətta öldüyümü düşünüblər. Qonşumuz Narınc xala ürək masajı edərək məni yenidən həyata qaytarıb. O gündən sonra ailəm stress keçirməyimdən qorxduğu üçün nə istəmişəmsə, “hə” deyiblər. Çünki uşaqlıqda əsəbiləşəndə ürəyim gedirdi. Məhz bu “xəstəliyimə” görə də kənddə yaşamağımıza baxmayaraq, karate, güləş, futbolla məşğul olmuşam. Məni futbola 7-8 yaşımda əmim oğlanları gətirdi. Əslində, məqsəd oynamaq deyildi, məni qapıda qapıçı qoyub, özləri oynayırdı. Daha sonra qoyunlarımız otlayanda mütləq kimsə onlarla dayanmalı idi. Biz də qardaşımla onların qarşısında vaxtımızın keçməsi üçün top çiləyirdik. Qardaşım qapıda durur, mən zərbələr vururdum. Yavaş-yavaş futbol oynamağa başladım”.
Sevinc daha sonra kəndin uşaqları ilə oynayarkən onlardan seçildiyinin fərqinə varıb: “Oğlanlardan qız olduğum üçün deyil, oyunumla seçilirdim. Qardaşım da məni öyrədir, dəstəkləyirdi. Yadımdadır, 2000-2003-cü illərdə əmim oğlanları ilə oyunlara gedirdim. Biz qazandıqda mənə hədiyyələr alırdılar. Onlar məni idmana bilmədən yönləndirirdilər”.
Uşaq olarkən futbola marağı Sevincə mane olmayıb. Amma yaşı artdıqca problemlər başlayıb: “İnsan bir uğura çatana qədər çox maneələrdən keçir. Məndə də belə idi. Amma cinsiyyətimə görə qarşılaşdığım maneələr ən çətini idi. Həddindən artıq təpki görürdüm. 12 yaşlı qıza elə alçaldıcı, təhqiramiz sözlər deyirdilər ki... Pis olurdum, amma bu sözlərin təsiri top sevgimlə keçirdi. Bir anlıq dayanırdım, sonra topumu götürüb gedirdim. İnsanların təpkisi valideynlərimi incidirdi, onlar da məni dayandırmağa çalışırdılar. Bu yolda o qədər dəhşətli hadisələr yaşamışam ki, danışa bilmirəm. İdman paltarlarımı tövlədə gizlədirdim. Çünki evdə çantamı yoxlayırdılar. Anama “qızını gördük, oğlanlarla futbol oynayır”, “yığışdıra bilmirsiniz”, “sizə qulaq asmır”, “yenə oğlanları başına yığıb” kimi sözlər deyilirdi. Valideynlərim pis olur, mənə qadağa qoyurdular. İnsanları da qınamıram, çünki təfəkkür o idi. Amma bu hadisələr olmasa idi, bəlkə də mən inad etməz, güclü olmazdım”.
Sevinc deyir ki, hətta atasının yanında avtobusda konduktor işləyəndə belə, ona kinayə ilə “avtobusda qız uşağının nə işi var” deyirdilər: “Atam məni dəstəkləyirdi, çünki özü də uzun müddət futbol oynayıb. İşdən gələndə, kəndin təpəsində dirsəklənib oyunumuza baxırdı. Bəzən özü də oynayırdı. Bir müddət “Xəzər Lənkəran” futbol komandasında, uşaq-gənclər idman məktəbində məşq edirdim. Məkan kənddən 16 km aralıda yerləşirdi. Əvvəlcə məktəbə gedir, gəlib qoyunların növbəsində durarkən yemək yeyir, sonra məşqə gedirdim. Yediyimiz yemək də çörəklə qənd, yaxud kartof ilə soğan idi. Bəlkə sizə qəribə gələr, amma indi müəyyən yerlərə çatmışıq, o qəndlə çörəyin ləzzətini heç nədən almıram. Məşqdən axşam çıxır, mənə verilən yol puluna yemək alır, piyada gəlirdim. Boş vaxtım olan kimi, atamın yanında konduktor işləyirdim. Orada belə atama “qızdır, niyə işləyir” deyirdilər. Amma atam mənə heç vaxt heç nə demirdi. Ondan cəsarət alırdım, çünki digər insanlar kimi düşünmürdü”.
Sevincin peşəkar futbol karyerası yığma komandaya gəlməsi ilə başlayıb. Deyir ki, peşəkar futbol həyatına ilk addımı anasının dəstəyi ilə olub. Ana kəndin qınağından çəkinsə də, qızının arzusuna çatması üçün əlindən nə gəlibsə, edib: “Xəzər Lənkəran”da Bəhruz və Fərrux adlı gənclər var idi. Onlar bir gün bizə gəldilər və atama dedilər ki, Bakıda futbol üzrə qızlar komandası var, Sevinci də göndərmək istəyərsinizmi? Bu, mənim üçün əlçatmaz arzu idi. Amma atam razı olmadı. Düşündü ki, qız uşağını Bakıya göndərə bilmərik. Onlar getdikdə, anam digər qapıdan çıxaraq qarşılarını kəsib və deyib ki, xahiş edirəm, kömək edin uşağımın arzusu ürəyində qalmasın. Anamın bu sözündən sonra bu işin arxasına düşüblər. Bundan sonra Bakıya oynamağa gəldim”.
Hər mübarizə qurban tələb edir deyirlər. Sevinc bu mübarizədə təhsillə idman arasında seçim etmək məcburiyyətində qalıb: “Bakıda hazırlaşdığım üçün məktəbə vaxtlı-vaxtında gedə bilmirdim. Bir müddət sonra dərsə gəldikdə, məktəbdən xaric olduğumu öyrəndim. Bu, mənə pis təsir etdi, çünki ali təhsil almaq istəyirdim. Lənkəran şəhər Peşə Liseyinə müraciət etdim ki, buranı bitirib ali təhsil alım. Normativlərdən keçsəm də, test imtahanından kəsildim. Bu gün üç dil bilirəm, dünyanın müxtəlif ölkələrinə səyahət edirəm. Amma təhsilin vacib olduğunu da dərk edirəm. Əminəm ki, bu arzumu da reallaşdıracağam”.
Sevinc futboldan qazandığı bütün gəlirini yığmaq üçün anasına verib. Qazandığı ilk böyük məbləğ 1700 dollar olub: “Bir dəfə bizi Birləşmiş Ərəb Əmirliklərindən Ramazan turnirinə çağırdılar. Birinci yeri tutana pul mükafatı verilirdi. Turnirin çempionu olduq. Mənə 1700 dollar pul ödəndi. Anam 500 dollar qazandığımı bilirdi. Onu sevindirmək üçün gödəkçəmin hər cibinə pul qoymuşdum. İlk qazandığım böyük pul o idi. Anam məni təbrik etdi, dedim “ana, digər ciblərimə baxdınmı?” Anam hər cibimdə dolları görəndə təəccübləndi. Kasıblıqdan gələn ailə üçün bu, çox böyük sevinc, fəxr idi. Sonra atamın avtobusu yandı, borclarımız var idi. Mən o borcları futbolun sayəsində bağladım. Daha sonra anam xəstələndi. Ailəlikcə anamı müalicə etməyə çalışdıq. Təəssüf ki, xilas edə bilmədik”.
Anası sayəsində peşəkar futbol karyerası başlayan Sevinc anasını itirdikdən sonra futbolla vidalaşmağa qərar verir. Amma yenidən davam etməyə özündə güc tapır və uğurları ilə bayrağımızı dalğalandırmağa davam edir: “Rusiyada oynayırdım. Oyunda özümü pis hiss etməyə başladım. Səbəbsiz ağlamaq istəyirdim. Anamın rəhmətə gedəcəyini hiss etmişdim. Pandemiya vaxtı çox çətinliklə gəldim. Anamı itirəndə bir anda depressiyaya düşdüm, tək futbolla deyil, hər şeylə vidalaşdım. Bu gün də mənim üçün şan-şöhrət, ev, pul əhəmiyyətli deyil. Anamı qaytarmaq üçün bu gün də hər şeyimi verərdim. Ona görə anamdan sonra mənim üçün hər şey bitmişdi. Bu dəfə məni futbola atam qaytardı. Atamın mənəvi dəstəyi ilə “Krasnodar” klubundan aldığım təklifi dəyərləndirdim və futbol həyatım yenidən başladı”.
Sevinci oyun zamanı ən təsirləndirən məqam himnimizin ifasıdır. Deyir ki, ölkəni təmsil etmək çox böyük məsuliyyətdir: “Himnimiz sadəcə musiqi deyil. Bu vətən, bayraq uğrunda minlərlə insan canından keçib. Bu gün bizim qazandığımız uğur kimi qələmə verilir, amma bu həm də vətənə olan borcumuzdur. 10 ildən artıqdır ki, milli komandanın üzvüyəm, himn ifa olunanda hər dəfə eyni hissləri keçirirəm. Meydançada dinləmək çox fərqlidir. Çünki bütün məsuliyyət sənin çiynindədir. Bəzən böyük hesabla uduzuruq, gecəni yatmırıq. Uduzduğumuza görə otaqda hönkür-hönkür ağlayan, yemək yeməyən insanlar var. Amma yenidən özümüzdə güc toplayıb, oynadıq. Əslində idmançı uduzmağı da bacarmalıdır. Təbii ki, biz bacardıq ki, bu gün Millətlər Liqasında uğur qazandıq”.
Həmsöhbətimiz sonda vurğuladı ki, qadın milli komandadakı uğurlarının səbəbi komanda yox, ailə olmağı bacarmalarıdır: “Bəzən komanda olanda bir yerə çıxmaq olmur, amma ailə olanda, olur. Bu gün ailə olmağı bacardığımız üçün Azərbaycan qadın futbolunda ilkə imza atdıq”.