Fransanın https://luxury-place.fr xəbər portalında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Parisdə keçirilmiş konsertdən bəhs edən məqalə yayımlanıb.
"Tehsil.biz"in məlumatına görə, qeyd edilib ki, mədəni hadisənin iştirakçıları Azərbaycan musiqisinə heyran qalıblar. Onlara bu zövqü azərbaycanlı sənətçilər – tanınmış tarzən Sahib Paşazadə və istedadlı pianoçu Səidə Zülfüqarova bəxş ediblər. Sənətçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət zəngin repertuarın təqdim olunduğu vurğulanıb.
Tədbirin Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə dəstəyi ilə baş tutduğu bildirilib.
Qeyd edək ki, Parisdə yaşayan Səidə Zülfüqarova həm də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu şəhərdə fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbinin musiqi müəllimidir.