“K-Star Partnership Program for Skills Development” proqramı çərçivəsində “WorldSkills Azerbaijan” milli komandası İnsan Resurslarının İnkişafı Xidməti (HRDKorea) tərəfindən keçirilən təlimləri uğurla başa vurub.
Tehsil.biz xəbər verir ki, Koreyada keçirilən təlimlərin məqsədi 3D rəqəmsal oyun sənəti, veb texnologiyaları, qaynaqçı və bərbər ixtisasları üzrə milli komanda üzvlərini qlobal standartlara əsasən “WorldSkills Lyon 2024” beynəlxalq yarışlarına hazırlamaqdır.
Təlim zamanı “WorldSkills Korea” yarışının çempionları “WorldSkills Azerbaijan” milli komandasının iştirakçıları ilə görüşərək beynəlxalq yarışda uğurlu olmağın sirrlərini bölüşüblər. Daha sonra, onlar birgə fərqli tapşırıqlar üzrə işləyərək təcrübə və bilik mübadiləsi aparıblar.
Qeyd edək ki, təlimin sonunda bağlanış mərasimi baş tutub və “WorldSkills Azerbaijan” milli komandasına uğurlu fəaliyyətinə dair “WorldSkills Korea” icraçı direktor tərəfindən sertifikatlar təltif olunub. Bağlanış mərasimi zamanı “WorldSkills Azerbaijan”ın sədri Zarina Təhməzova çıxış edərək İnsan Resurslarının İnkişafı Xidmətinə (HRDKorea) “WorldSkills Azerbaijan”ın inkişafına göstərdikləri dəstəyə görə təşəkkür edib.
“WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbulu ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.