Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 15-17 dekabr tarixlərində Göygöl rayonunda yerləşən Olimpiya İdman Kompleksində 120 nəfər tələbə gəncin iştirakı ilə “Job Hunters - Karyera Quruculuğu” adlı düşərgə həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, düşərgənin ilk günündə tələbə gənclərlə birlikdə ümummilli lider Heydər Əliyevin Göygöl rayonunda yerləşən abidəsi ziyarət olunub, əziz xatirəsi yad edilib. Daha sonra tədbirin rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Ardınca tələbələrə Azərbaycan gəncliyinə əvəzsiz töhfəsi olan ümummilli lider Heydər Əliyevin “Azərbaycan gənclər siyasəti, ulu öndərin İrsi və tövsiyələri” və “Dövlət tərəfindən gənclərə yaradılan iş imkanları” mövzularında ustad dərsi keçirilib.
Düşərgə müddətində tələbələr üçün iş axtarış strategiyaları, müsahibə bacarıqları, müsahibə simulyasiyası, komanda quruculuğu, şəbəkələşmə oyunları, təlimlər, seminarlar, görüşlər, idman oyunları və digər fəaliyyətlər təşkil edilib. Tələbələrə işə müraciət zamanı motivasiya məktubu və doğru CV yazılması kimi önəmli prosedurlar izah edilib. Həmçinin, asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün “Bacarıqlı SƏN” adlı yarışma keçirilib. Layihə müddətində Göygöl Milli Parkına, Maralgölə, Göygölün digər gəzməli və görməli yerlərinə maraqlı səfərlər təşkil olunub.
Düşərgənin məqsədi üçüncü və dördüncü kurs tələbələrinin potensial işə qəbul mərhələsinə hazır etmək, onların ixtisasları istiqamətində mövcud təcrübə və iş proqramları ilə tanış edilməsi olub. Sonda tələbələrin fəaliyyətlərinin stimullaşdırılması istiqamətində müsahibə simulyasiyasının qalibləri elan edilib və onlara hədiyyələr təqdim olunub.