"Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və sair istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bunun əldə olunmasında Ümummilli Lider Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova bildirib.
O qeyd edib ki, Azərbaycanın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu münasibətləri və davamlı inkişafı ölkənin dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinə səbəb olan amillərdir:
"Azərbaycan dünyada yuxarıda qeyd olunan sahələrlə yanaşı, tolerant və multikultural dəyərlərə malik dövlət kimi də tanınır. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.
Buna misala olaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi, əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür".
K.Həsənova vurğulayıb ki, cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.
"Ölkə başçısı çıxışı zamanı cari ilin sentyabrında Rəşadətli Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüldüyünü diqqətə çatdıraraq bildirmişdir: “Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Düzdür, antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir”.
Beləliklə, Ölkə başçısının müşavirə zamanı səsləndirdiyi fikirlər və dünya ölkələrinə verdiyi mesajlar onu deməyə əsas verir ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmizin növbəti təntənəli qələbəsidir", - fəlsəfə doktoru əlavə edib.
Mərcanə Əsədova