Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.
Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6%, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1%, mədəni-maarif janrında olan proqramlar 9,7%, sosialyönümlü proqramlar 5,7%, bədii filmlər 3,9%, anons və elanlar 3,4%, seriallar (xarici istisna olmaqla) 2%, sosial reklamlar 0,8%, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6%, teleticarət xarakterli proqramlar 0,5%, uşaq proqramları 0,4% təşkil edib.
Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onların özəl çəkisi 43,8% təşkil edib. Reklam və sponsor təqdimatları 18,7%, mədəni-maarif janrında olan proqramlar isə 7,2%-dir.
“İctimai Televiziya”da ümumi efirin ən çox hissəsini 25,5 faizlə informasiya və analitik proqramları təşkil edir. Mədəni-maarif janrında olan proqramlar 21,9%, bədii filmlər (xarici istehsal) isə 8,3%-dir.
ATV-də musiqi və əyləncə janrında olan proqramlar üstünlük təşkil edir. Onlara ümumi efirin 18,5% ayrılıb. Bu kanalda reklam və sponsor təqdimatları 17,7%, sosialyönümlü proqramlar 15,5%-dir.
“Space TV”də reklam və sosial təqdimatları efir vaxtının 20%-ni təşkil edir, musiqi və əyləncə proqramları 19,4%, sosialyönümlü proqramlar 18, 5%-dir.
“Xəzər TV”də ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların çəkisi 20,10 faiz təşkil edir. Musiqi və əyləncə janrında olan proqramların payı 19,4%, informasiya və analitik proqramlar 15,9%, mədəni-maarif janrında olan proqramlar isə 10,5%-dir.
ARB televiziyasında ən çox pay sahibinə malik 24%-lə musiqi və əyləncə janrında olan proqramlardır. Sosialyönümlü proqramlar 16,4%, informasiya və analitik proqramlar isə 12, 9%-dir.
“Real TV” və “ARB24” telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtının ən çox özəl çəkisi informasiya və analitik proqramlar təşkil edir - müvafiq olaraq 61,6% və 79,8%.