Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik və Hüquq fakültəsinin 95 illik yubileylərinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik salnaməsində öyrənilməsinə, tədqiqinə və təbliğinə hələ uzun illər böyük ehtiyac olacaq irs yaradıb. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb. 1993-cü ildə Ümummilli Liderin ölkəmiz üçün həlledici məqamda xalqın təkidi ilə hakimiyyətə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən xilas edib. Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, haqq savaşımız Böyük Zəfər ilə başa çatdı. Bu gün Şuşada, Xankəndidə, doğma torpaqlarımızda Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Bugünkü parlaq Qələbəmiz məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanılıb.
Rektor bildirib ki, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universiteti Ulu Öndərin irsinin tədqiqini, təbliğini özünün ən ali məqsədlərindən biri sayır. BDU-nun müəllimləri, tələbələri ölkəmizin qüdrətlənməsi, Ulu Öndər Heydər Əliyevin inkişaf doktrinasının həyata keçirilməsi istiqamətində öz missiyasını ləyaqətlə yerinə yetirirlər.
BDU-nun rektoru diqqətə çatdırıb ki, 95 illik yubileyini qeyd etdiyimiz Hüquq fakültəsi də məhz dövlətimizin apardığı uğurlu təhsil siyasəti sayəsində sürətlə inkişaf edir: “Hüquq fakültəsi BDU-nun aparıcı və ən böyük fakültələrindəndir. 1927-1928-ci dərs ilində BDU-nun Şərq fakültəsinin nəzdində Hüquq şöbəsi fəaliyyətə başlayıb. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi. Hüquq şöbəsinin bazasında isə 1928-ci il dekabrın 17-də Hüquq fakültəsi təşkil edilib. BDU-nun və onun Hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayır. Ulu Öndərin o dövrdə uzaqgörənliyinin əsas istiqamətlərindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olub. Ölkəmiz 1991-ci ildə özünün müstəqilliyini bərpa etdikdən sonra Hüquq fakültəsi hüquqşünas kadrların yetişdirilməsinin əsas bazası kimi çıxış etməyə başladı. Hüquq fakültəsində bakalavriatura səviyyəsində Azərbaycan və rus bölmələri ilə yanaşı, 2012-ci ildən ingilis bölməsinə də qəbul həyata keçirilir. Klassik hüquq sahələri ilə yanaşı, yeni hüquq sahələrinin inkişafı üzrə də mühüm elmi məktəblər formalaşıb. Hüquq fakültəsində ikili diplom proqramları üzrə yaxşı təcrübə formalaşıb.
2013-2020-ci illəri əhatə edən və Almaniyanın Vürtsburq Universiteti ilə imzalanmış “Avropa hüququ” magistratura ixtisaslaşmasında ikili diplom proqramı üzrə sazişə əsasən, BDU-nun Hüquq fakültəsinin 65-dən çox məzunu Vürtsburq Universitetinin magistr diplomunu da alıb.
Hazırda ikili diplom proqramları “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşması üzrə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə Fransanın Lyon-2 Universiteti, “Mülki hüquq; ailə hüququ; beynəlxalq xüsusi hüquq; sahibkarlıq hüququ” doktorantura ixtisası üzrə Almaniyanın Halle-Vittenberq Universiteti ilə davam etdirilir.
Bundan başqa, yeni ikili diplom proqramlarının magistratura ixtisaslaşmaları üzrə Litvanın Vilnüs Universiteti və Almaniyanın Halle-Vittenberq Universiteti ilə qurulması üzərində ciddi işlər aparılır”.
Sonra fakültənin 95 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışında fakültənin 95 il ərzində şərəfli yol keçdiyini deyib. Qeyd edib ki, Hüquq fakültəsi dövlət və hökumət qurumlarını yüksəkixtisaslı, peşəkar kadrlarla təmin edib. Hüquq fakültəsi hüquq elminin inkişafında və kadr hazırlığında əsas elmi mərkəzdir.
Ali Məhkəmənin sədri İnam Kərimov BDU-nun hər bir məzununun fəxr etdiyi bir ali təhsil müəssisəsi olduğunu deyib. Qeyd edilib ki, Ali Məhkəmənin və məhkəmə korpuslarının hakimlərinin əksəriyyəti BDU-nun Hüquq fakültəsinin məzunudur. BDU ilə Ali Məhkəmə arasında uzun illərdən bəri əməkdaşlıq əlaqələri mövcuddur. Hər il BDU-da hüquqşünaslıq ixtisası üzrə təhsil alan xeyli sayda tələbə Ali Məhkəmədə və digər məhkəmələrdə təcrübə proqramlarında iştirak edir.
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev çıxışında bildirib ki, əvvəllər Azərbaycanda hüquqşünas hazırlayan yeganə təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi. İndi isə bir neçə universitetdə, akademiyada Hüquq fakültələri var. Hazırda prokurorluq orqanlarında 1244 prokurorluq işçisindən 825 nəfəri BDU-nun Hüquq fakültəsinin məzunudur. Bu da prokurorluq işçilərinin 66,3 faizini təşkil edir: “Mənim 3 müavinim də bu fakültənin məzunudur. Prokurorluq orqanlarında rəhbər vəzifələrdə işləyən 266 işçidən 173-ü, yəni 65 faizi BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2002-2023-cü illər ərzində prokurorluq orqanlarına test üsulu ilə imtahanlar keçirilib, 25 müsabiqə üzrə uğur qazanmış 700 nəfərin 56,3 faizi BDU-nun Hüquq fakültəsinin məzunu olub. Hazırda bu fakültənin 260 tələbəsi prokurorluqda ictimai köməkçi vəzifəsində fəaliyyət göstərir”.
Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin qanunçuluğa, insan hüquqlarına və demokratiyaya hörmətlə yanaşdığını və Azərbaycanda hüquq islahatlarına rəhbərlik etdiyini deyib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov 800-ə yaxın BDU məzununun ədliyyə orqanlarında çalışdığını bildirib. Qeyd edilib ki, BDU-nun 155 məzunu Ədliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışır. Ədliyyə nazirinin 5 müavini BDU-nun Hüquq fakültəsinin məzunudur.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov çalışdığı qurumda Hüquq fakültəsini təmsil etdiyini deyib. O vurğulayıb ki, BDU-nun Hüquq fakültəsi təhsil verməklə yanaşı, hüquq elminə dair elmi araşdırmaların aparıldığı mərkəzdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təmsil etdiyi qurum ilə BDU-nun Hüquq fakültəsinin əməkdaşlıq əlaqələrindən bəhs edib.
AMEA-nın müxbir üzvü, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova bildirib ki, yüksəkixtisaslı hüquqşünas kadrlar hazırlayan Hüquq fakültəsi öz fəaliyyəti ilə dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etməkdədir.
Sonda Hüquq fakültəsinin tələbələrinin hazırladığı tamaşa nümayiş etdirilib.
Konfrans işini sabah da davam etdirəcək.







