"Hazırda şagird və tələbələr arasında qızılca xəstəliyinə tutulmuş şəxslər var. Həmçinin, bədbəxt hadisə nəticəsində xəsarət alan tələbələr olur. Bu zaman onların dərsdə iştirak etməməsi üzürlü hesab olunmur. İnsani nöqteyi-nəzərdən düşünə bilərik ki, bu, məcburi dərsburaxmadır və bu halın aradan qaldırılması həmən şəxsin əlində deyil. Amma qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda “qayıb” yazılmasının vacibliyi qeyd olunur”.
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır:

"Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Yəni universitet, kollec öz fəaliyyətini qüvvədə olan qanunvericilik aktlarına istinadən təşkil edir. O da düzdür ki, tələbə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət ala, yoluxucu xəstəliyə düçar ola bilər. Bu zaman onun tibbi məntəqədə xəstəliyə aid qeydiyyat vərəqi (kartoçka) açılır. Amma bu da ona dərsdə iştirak etməməsini üzürlü saymağa əsas vermir”.
K.Əsədov qeyd edib ki, universitet rəhbərliyi daxili nizamnaməyə görə istərsə, (amma məcbur və borclu deyil) həmin tələbələrin “qayıb”larını üzürlü hesab edə bilər.
Mərcanə Əsədova