Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informatikanın inkişaf tarixi” mövzusunda elmi konfrans keçirilib. Tədbir İnformasiya Texnologiyaları İnstitutu və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə "Tehsil.biz"ə İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev “Heydər Əliyev İli” çərçivəsində AMEA-da keçirilən tədbirlərdən söz açıb.
Akademik bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunda da Ulu Öndər Heydər Əliyevin ötən əsrin ikinci yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informatika və onunla əlaqəli kompüter elmlərinin, İKT-nin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması, istehsal müəssisələrinin yaradılması istiqamətində gördüyü işlərlə bağlı il ərzində müxtəlif elmi-populyar materiallar hazırlanıb, müəyyən tədbirlər həyata keçirilib.
AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev Ulu Öndərin Azərbaycanda informasiya cəmiyyətinin, eləcə də informasiya-kommunikasiya sənayesinin formalaşdırılması və inkişafında rolundan bəhs edib: “Ümummilli Liderin həyata keçirdiyi fəaliyyətin tarixi nöqteyi-nəzərdən sistemli tədqiq edilməsinə, bu istiqamətdə dolğun biliklərin əldə olunmasına böyük ehtiyac var. Artıq bu istiqamətdə İnformasiya Texnologiyaları İnstitutu ilə Tarix və Etnologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində tədqiqatlara başlanılıb”.
Akademik Rasim Əliquliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin əsasının qoyulması, informatika sahəsində kadrların yetişdirilməsi, ölkəmizdə kosmik sənayenin formalaşması, müvafiq sahə üzrə elm-təhsil mərkəzlərinin, istehsal müəssisələrinin yaradılması, o cümlədən elmi məktəblərin əsasının qoyulmasında əvəzsiz xidmətləri olduğunu qeyd edib. Müstəqilliyimizin ilk illərində məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycanda telekommunikasiyanın inkişafı, ölkənin qlobal elektron informasiya məkanına inteqrasiyası və İKT sənayesinin inkişafı istiqamətində əməli addımların atıldığını, müəyyən nailiyyətlərin əldə olunduğunu söyləyib.
Tədbirdə Tarix İnstitutunun direktoru tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov “Azərbaycanda informasiyanın ötürülməsi: tarixi baxış” mövzusunda çıxış edib. Professor Kərim Şükürov müasir dövrdə informasiyanın bütün dünyada xüsusi əhəmiyyətə malik olduğunu, onun meydana gəlməsi, əldə olunması, emalı və ötürülməsi ilə bağlı kompleks araşdırmaların aparılmasının vacib olduğunu bildirib. Azərbaycanda informasiya cəmiyyətinin tarixi ilə bağlı tədqiqatların böyük aktuallıq kəsb etdiyini, Tarix İnstitutunun bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Professor Kərim Şükürov hər bir elmin öyrənilməsində informasiyadan düzgün istifadənin, eləcə də informasiyanın tarixinin araşdırılmasının zəruriliyini önə çəkib. İnformasiya Texnologiyaları İnstitutu ilə birgə bu istiqamətdə multidisiplinar tədqiqatların aparılmasının, yeni elmi baxışların ortaya qoyulmasının məqsədəuyğun olduğunu deyib: “Bu gün Azərbaycanda müasir çağırışlara, dünya elminin tələblərinə cavab verən yüksəkixtisaslı tarixçi kadrların hazırlanması, aktual elmi problemləri əhatə edən araşdırmaların aparılması qarşıya qoyulan mühüm vəzifələrdəndir”.
Sonra alim müasir müstəqil Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdə mühüm rolundan bəhs edib, Ulu Öndərin çoxşaxəli və zəngin fəaliyyəti ilə bağlı bəzi tarixi faktları diqqətə çatdırıb.
Daha sonra konfransda “Azərbaycanda İnternetin formalaşması və inkişafı mərhələləri”, “Heydər Əliyev və İKT sahəsində kadr siyasəti”, “Azərbaycanda iqtisadi kibernetikadan rəqəmsal iqtisadiyyata keçidin təkamülü”, “Azərbaycanda avtomatlaşdırılmış idarəetmə sistemlərinin inkişaf mərhələləri” və “İnformasiya inqilabları və Azərbaycan” mövzusunda məruzələr dinlənilib.