Logo

Dərslərarası fasilə: Müəllim və şagirdlərin düşüncələri

23.12.2023 20:56 223 baxış
IMG

Tədrisin keyfiyyətinə birbaşa təsir edən müxtəlif amillər var ki, bunlardan biri də zehni yorğunluqdur. Bəs, məktəblərimizdə zehni yorğunluğa səbəb olan amillər hansılardır? Düşünürəm ki, burada ən vacib amillərdən biri də dərslərarası tənəffüslərin vaxtının azlığıdır.

Bəs, beynəlxalq təcrübədə bu məsələyə necə yanaşılır? Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 15-20, hətta 25-30 dəqiqəyə qədər uzanır. Bundan başqa, müəllim gün ərzində 30-40 dəqiqəlik fasilələrlə maksimum 5 saat dərs deyə bilər. 

İndi isə gəlin bizim məktəblərə nəzər salaq. Öncədən etiraf edək ki, şagird sıxlığı səbəbindən  tədris ocaqlarımızın əksəriyyəti, ələxsus şəhər məktəbləri ikinövbəli, hətta üçnövbəlidir. Birinci növbənin dərsləri saat 8:00-da başlayır, 13:00-da, ikinci növbə saat 13:15-də başlayır və 18:00-da bitir. Əksər məktəblərimizdə dərslərarası tənəffüs 5,  böyük tənəffüs isə 10 dəqiqədir. Məhz bu ikinövbəlilik tənəffüslərin çox qısa olmasına səbəb olur. Nəticədə həm şagird, həm də müəllim 5 dəqiqəlik tənəffüslə dalbadal 5-6, hətta 7 saat tədris prosesində olurlar. Belə olan təqdirdə təbii ki, günün sonlarına yaxınlaşdıqca onlarda yorğunluq özünü büruzə verir ki, bu da tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

Məsələnin mahiyyətini daha da dərindən öyrənmək məqsədilə paytaxtda yerləşən həm ikinövbəli, həm də birnövbəli məktəblərdə olduq. Məktəb rəhbərliyi, müəllim və şagirdlərlə görüşüb söhbətləşdik.

“Əhalinin sıxlığı məktəbimizin üçnövbəli şəkildə fəaliyyət göstərməsinə əsas səbəbdir”

Hövsan qəsəbəsində yerləşən 280 nömrəli məktəbin direktor müavini Elmira Cavadova bizimlə söhbətində bildirdi ki, tədris ocağı 1400 yerlik olmasına baxmayaraq hazırda məktəbdə 2669 şagird təhsil alır. O, məktəbin üçnövbəli olduğunu deyir: “Ərazidə əhalinin sıxlığı məktəbimizin üçnövbəli fəaliyyət göstərməsinə əsas səbəbdir. Dərslərarası tənəffüsün çox olmasını biz də arzulayırıq. Amma şagird sıxlığı buna imkan vermir”.

“STEAM-la bağlı dərslər olduğu üçün ard-arda dərslər məni bir o qədər yormur”

Səringül Abbasova 280 nömrəli tam orta məktəbin informatika müəllimidir. Dərs yükü 34 saatdır. Ən çox dərsinin olduğu gün həftənin ikinci günüdür. O, həmin gün ard-arda yeddi saat dərsi olduğunu bildirir: “Əvvəllər 3-cü saatdan sonra böyük tənəffüs 10 dəqiqə idi. Bu il isə 3-cü növbə olduğu üçün 10 dəqiqəlik tənəffüs də 5 dəqiqə oldu. STEAM-la bağlı dərslər olduğu üçün ard-arda dərslər məni bir o qədər yormur. Çünki həmin dərslər bölünür və şagirdlər tapşırıqları yerinə yetirir. Günün ilk dərslərində təbii ki, daha enerjili oluruq. Sonuncu dərslərdə istər-istəməz yorğunluq özünü büruzə verir. Tənəffüsümüzün heç olmasa biri 10 dəqiqə olsa, bizim üçün də yaxşı olar. Çay içərik, yorgunluğumuz bir az keçər. Lakin onu da bilirik ki, vaxt darlığıdır. Şagird sıxlığı buna imkan vermir”.

“Dərs saatları arasında fasilənin  olması müəllimin zehni yorğunluğunu aradan qaldırır”

280 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Könül İmanova da həm birinci, həm də ikinci növbədə dərslərinin olduğunu deyir. Həftənin bir günü altı saat dalbadal dərs keçdiyini deyən Könül müəllim digər günlərdə dərslərarası fasilələrin də olduğunu bildirir: “Artıq 5 dəqiqəlik tənəffüslərə vərdiş etmişik. Gün ərzində bir dəfə də olsa ayaqüstü çay içib, yorgunluğumuzu çıxarda bilirik. Bəzən onu da edə bilmirik. Lakin təbii ki, tənüffüslər heç olmasa gündə bir dəfə 10-15 dəqiqə olsa, daha yaxşı olar. Dərs saatları arasında fasilənin  olması da müəllimin zehni yorğunluğunu aradan qaldırır”.

“Tənəffüsün vaxtı çox olsa, biz dərslərə daha enerjili davam edərik”

280 nömrəli tam orta məktəbin şagirdi Nazxanım Quliyeva bizimlə söhbətində bildirib ki, həftənin bir neçə günü 7 saat dərsləri olur. O, sonuncu dərslərdə yorulduğunu bildirir: “ Tənəffüsün vaxtı çox olsa, biz dərslərə daha enerjili davam edərik. Rahat şəkildə yemək yeyə, sinif yoldaşlarımızla söhbət edə bilərik. Beş dəqiqəlik ara ilə dalbadal 7 saat dərsdə olmaq bizi istər-istəməz yorur”.

“Hər iki dərsdən sonra tənəffüslərin vaxtı 10 dəqiqədir”

Məsələ ilə bağlı paytaxtın Mərdəkan qəsəbəsində yerləşən 183 nömrəli tam orta məktəbdə də olduq. Qeyd edək ki, adıçəkilən məktəb birnövbəlidir. Məktəbin direktoru Rəhilə Abbasova bizimlə söhbətində qeyd edib ki, məktəb 3 korpusdan ibarətdir. O, məktəbin 1240 yerlik olduğunu, 1516 şagirdin təhsil aldığını deyir: “ Məktəbimiz birnövbəlidir. Hər iki dərsdən sonra tənəffüslərin vaxtı 10 dəqiqədir. Düşünürük ki, bu müəllimlərin zehni yorğunluğunu aradan qaldırır. Şagirdlər üçün də bunun faydalı olduğunu düşünürük. Tədrisin keyfiyyəti bizim üçün əsas şərtdir. Əsas fənləri çalışırıq ki, birinci, ikinci saatlara yerləşdirək”.

“On dəqiqəlik tənəffüslərdə yorğunluğumuzu çıxara bilirik”

183 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Məmmədova ən çox gün ərzində 7 saat dərs dediyini, tənəffüs vaxtının çox olduğuna görə bunu normal şəkildə idarə etdiyini, yorulmadığını söyləyir: “On dəqiqəlik tənəffüslər işimizi rahatladır. Müəllimlərlə müəyyən müzakirələr aparmağa imkanımız olur. On dəqiqəlik tənəffüslərdə rahat çay içib, yorğunluğumuzu çıxara bilirik. Mən işimdən zövq alıram. Bizim məktəbdə tarix kabineti var. Şagirdlər tarix dərslərində həmin kabinetə gəlir. Yəni müəllim sinif dəyişmir”.

“Çalışıram ki, dərslərimə adaptasiya olum”

183 nömrəli tam orta məktəbin şagirdi Ramiz Şahverdiyev də bizimlə söhbətində məktəbdə vaxtının səmərəli keçdiyini, yorğunluqla bağlı probleminin olmadığını deyir: “On dəqiqəlik tənəffüslərdə sinif yoldaşlarımla söhbətləşə bilirik. Əlbəttə ki, son dərslərdə əvvəlki dərslərlə müqayisədə bir az yorğunluq hiss olunur. Lakin buna baxmayaraq çalışıram ki, dərslərimə yüksək səviyyədə adaptasiya olum”.

Müşahidələrimizdən bu nəticəyə gəldik ki, birnövbəli məktəblərdə ikinövbəli məktəblərdən fərqli olaraq tənəffüs vaxtının uzadılması daha real görünür. Yəqin ki, təhsil işçiləri məsələnin ciddiliyini qəbul edir. Lakin həllinə gəldikdə isə düşünürəm ki, ikinövbəli məktəblərdə tənəffüslərin vaxtının uzadılması mümkün görünmür. Bunun da əsas səbəbi paytaxda əhalinin sıxlığı ilə əlaqədardır. Yenə də mütəxəssislərin müzakirəsinə ehtiyac olduğunu düşünürəm.

Niyazi RƏHİMOV

Xəbər lenti