Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Birinci Qarabağ müharibəsi şəhidi, kapitan Teymur İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Bu barədə "Tehsil.biz"ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, keçmiş komandirləri və kursantlar iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbir iştirakçılarına T.İbrahimovun şərəfli həyat yolu haqqında məlumat verilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.