Azərbaycan xalqının budəfəki seçimi də 20 illik hakimiyyəti dövründə verdiyi bütün sözləri yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olacaq. Onun siyasi liderliyində daha inamlı gələcəyə, daha parlaq sabahlara doğru qətiyyətli addımlarla irəliləyəcəyik.
Xalqın siyasi liderinə sonsuz etimadı və inamı onun dövləti və milləti qarşısındakı xidmətləri ilə ölçülür. Bu gün Azərbaycan dünyada azsaylı dövlətlərdəndir ki, adını ölkəsinin tarixinə qızıl hərflərlə yazdıran lideri var. Bəli, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev müasir dünyamızda beynəlxalq səviyyədə qəbul edilən, sözü eşidilən, qərarlarına və tələblərinə hörmətlə yanaşılan azsaylı dövlət xadimlərindəndir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
20 il əvvəl başlayan yol
Lider o şəxsdir ki, xalqının çətin zamanlarında ön sıraya çıxaraq bütün təhdid və çağırışlara ağılı, məntiqi, güclü iradəsi və qətiyyəti ilə qalib gəlir. Milyonların ümidinə çevrilir, sabaha olan inamını gücləndirir. Prezident İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi hər gün, hər dəqiqə bizim xalq, cəmiyyət olaraq uğurlu gələcəyə, müstəqil və güclü Azərbaycana olan inam və baxışlarımızı dəyişib. 2003-cü il Prezident seçkisindən başlayan bu yolun hər məqamı yeni bir uğurun təməlinin atıldığı andır.
Dayanıqlı iqtisadi model
Təbii ki, müstəqil siyasətin ən əsas dayağı güclü iqtisadiyyatdır. Son 20 ildə həyata keçirilən uğurlu neft strategiyası əsasında bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi modelə çevrilib. Beynəlxalq səviyyədə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TANAP, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ilə bağlı istənilən müzakirədə ilk olaraq ağıla Azərbaycan adı gəlir. İllərlə bu meqalayihələrin reallaşması yolunda hansı maneələrlə rastlaşdığımız hər birimizin yaddaşındadır. Bu maneələri dəf etmək, ölkənin iqtisadi inkişafının əsasını təşkil edən layihələrin gerçəkliyə çevrilməsi Prezident İlham Əliyevin siyasi lider kimi qətiyyətinin, diplomatik gedişlərinin və Azərbaycanın dünyaya etibarlı və güvənilən tərəfdaş kimi tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticəsidir.
Neft kapitalından insan kapitalına
Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində əldə edilən maliyyə gücü ilk növbədə ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına, neft kapitalının insan kapitalına çevrilməsinə istiqamətlənib. Ölkə əhalisinin gəlirləri artıb, keçmiş qaçqın və məcburi köçkünlərin yaşayış şərtləri yaxşılaşdırılıb. Səhiyyə, təhsil sektorlarında yüzlərlə məktəb, xəstəxana yenidən inşa edilib. Məvaciblər, pensiyalar, təqaüdlər dəfələrlə artırılıb. Bu illər ərzində yüzlərlə istedadlı gənc dövlət başçısının birbaşa təşəbbüsü ilə reallaşdırılan xaricdə təhsil proqramından yararlanaraq dünyanın aparıcı universitetlərində ali təhsil alıblar. Bu proses hazırda da uğurla davam edir.
Vətənpərvər gənclik, güclü ordu
Sağlam ruhda, vətənpərvərlik hissləri ilə yetişdirilən gənc nəsil, həm də güclü ordu deməkdir. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ilk illərdən başlayaraq Azərbaycanda güclü ordu quruculuğu prosesi Ali Baş Komandan kimi dövlət başçısının əsas prioritetlərindən biri olub. İllərlə büdcədən artan templə ayrılan vəsaitlər hesabına ən müasir hərbi texnika, peşəkar kadrlara malik, ən əsası isə vətənpərvərlik ruhunda böyüyən gənclərdən ibarət güclü ordu formalaşdırılıb. Müstəqil dövlətimizin əsas atributlarından sayılan Silahlı Qüvvələrimiz bu gün dünyanın ən güclü orduları sırasında yer alır.
Sadə vətəndaşlarla səmimi ünsiyyət
Siyasi lider olaraq İlham Əliyevi xalqına sevdirən, ona sarsılmaz inamını formalaşdıran ən mühüm amillərdən biri də Prezidentin sadə vətəndaşlarla səmimi ünsiyyəti, onlarla daimi görüşləri, problemlərini, qayğılarını ilk mənbədən öyrənməyə üstünlük verməsidir. Dövlət başçısının bütün çıxışlarının əsasında insan amili hər zaman ön planda dayanıb. Yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını xüsusilə vurğulaya bilərik. Çünki bu illər ərzində verilən qərarların mahiyyətinə nəzər salsaq görərik ki, onların əksəriyyəti məhz vətəndaşları qayğılandıran problemlərin həllinə istiqamətlənib. Biz bu diqqət və qayğını şəhid ailələri, müharibə iştirakçısı olmuş qazilərimizə münasibətdə daha çox hiss edirik. Ali Baş Komandan torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əmanətinə dövlətimizin bütün imkanları ilə sahib çıxır. Onların övladlarının müstəqil dövlətdə layiqli həyat sürməsi üçün diqqət və qayğısını əsirgəmir.
Bütünləşən xalq-lider birliyi
Bütün bu amillər illər ərzində xalq-lider birliyini bütünləşdirib. Azərbaycan vətəndaşlarının siyasi liderinin ətrafında dəmir yumruq kimi birləşməsini şərtləndirib. Məhz bu vəhdət 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyulmasının, ərazi bütövlüyümüzün bərpasının özülünü təşkil edib. Güclü iqtisadiyyat, peşəkar və vətənpərvər ordu, sarsılmaz xalq-lider birliyi, ən əsası isə Ali Baş Komandanın ən çətin anlarda nümayiş etdirdiyi güclü siyasi iradə, qətiyyət Azərbaycanın dəmir yumruğunun sarsıdıcı zərbəsini və gücünü bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev müasir dövrdə çox az sayda dövlət xadimlərinin bacardığı bir işə imza atıb. Son iki yüz ildə ilk dəfə Azərbaycan müstəqil dövlət olaraq tarixi əraziləri üzərində suverenliyini bərqərar edib.
Düşmənlərimizi qorxuya salan sarsılmaz etimad
Azərbaycan xalqı, bütün dünya Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin siyasi lider kimi görünməyən tərəflərini gördü. Dövlət başçısının 44 gün ərzində rekord səviyyədə xarici mediaya müsahibələri, ölkəmizin haqq işini tutarlı arqumentlərlə əsaslandırması, ən qərəzli sualları belə mahir diplomat və siyasətçi kimi cavablandırması hər birimizin lider seçimində nə dərəcədə doğru qərar verdiyimizi bir daha təsdiqlədi. Təsadüfi deyil ki, hakimiyyətdə olduğu 20 il ərzində İlham Əliyevin xalq arasında reytinqi həmişə ən yüksək səviyyədə olub. Hətta dünyanın aparıcı rəy mərkəzlərinin müxtəlif illərdə keçirdiyi rəy sorğularında Prezident kimi onun fəaliyyətinə etimad çox yüksək səviyyədə olub. Azərbaycana qarşı məkrli planları olanları narahat edən, onların qarşısına sədd çəkən güc də məhz bu etimad səviyyəsidir. Çünki İlham Əliyevin dövlət başçısı kimi müstəqil Azərbaycanın milli maraqlarına əsaslanan qətiyyətli siyasətində arxalandığı ən böyük güc xalqının liderinə olan sonsuz məhəbbətidir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, o atdığı hər bir addımda, qəbul etdiyi hər bir qərarın arxasında məhz xalqının, millətinin ona olan böyük etimadını, inamını hiss edib.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi vahid, sərhəd bütövlüyü, suverenliyi tam təmin olunmuş güclü, müstəqil dövlətdir. Ulu öndərin bu arzusunu reallaşdıran da, məhz Heydər Əliyevin siyasi liderlik, dövlət xadimi, idarəetmə məktəbini keçmiş Prezident İlham Əliyevdir. 20 illik fəaliyyətin əsas qayəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idisə, bu fəaliyyətin zirvə nöqtəsi Xankəndidə Azərbaycanın üçrəngli bayrağının dalğalandırılmasıdır.
Müzəffər Ali Baş Komandanın Xankəndidə Azərbaycanın üçrəngli bayrağını dalğalandırarkən söylədiyi fikirlər bu gün də yaddaşlardadır. Bu, əslində çoxlarımız üçün əlçatmaz kimi görünən vəzifənin öhdəsindən layiqincə gələn qalib siyasi liderin hesabatı idi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Seçimimiz qalib Ali Baş Komandan olacaq
Artıq xalq olaraq qarşımızda yeni üfüqlər və hədəflər var. İşğaldan azad edilmiş ərazilərimizə, Şuşamıza, Laçınımıza, Ağdamımıza, Kəlbəcərimizə yeni həyat veririk. Qayıdırıq, məskunlaşırıq, yaradırıq, yaşayırıq. Çəkilən yolların, tikilən binaların, qurulan şəhər və kəndlərimizin hər birində Prezident İlham Əliyevin imzası var. Yenidən qurulan Yuxarı Qarabağ və Şərqi Zəngəzur məhz qalib sərkərdənin, görkəmli dövlət xadimi və xalqına qələbələr bəxş edən İlham Əliyevin əsəridir. Ancaq bu yolda da qarşımıza əngəllər çıxartmağa çalışan, qələbəmizə kölgə salmaq istəyənlər öz məkrli planlarından əl çəkmirlər. Daha böyük kinlə, qüvvə ilə üstümüzə gəlirlər. Əslində, görülən işlər müstəqil Azərbaycanın qarşısında açılan yeni bir yolun başlanğıcıdır. Bu yolda əldə etdiklərimizi qorumaq, düşmənlərimizin məkrli planlarını pozmaq, sülhə nail olmaq, sahib olduqlarımızı daha sağlam təməllər üzərində inşa edərək gələcək nəsillərə əmanət qoymaq üçün güclü siyasi liderə, dəmir iradəyə, xalqının sonsuz sevgisini, inamını qazanmış siyasi liderə heç olmadığımız qədər ehtiyacımız var. Qarşıdan növbədənkənar Prezident seçkisi gəlir. Heç kimdə şübhə yoxdur ki, Azərbaycan xalqının budəfəki seçimi də 20 illik hakimiyyəti dövründə verdiyi bütün sözləri yerinə yetirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olacaq. Yenicə yola çıxdığımız bu yolda onun siyasi liderliyində daha inamlı gələcəyə, daha parlaq sabahlara doğru qətiyyətli addımlarla irəliləyəcəyik.