Logo

Lənkəran Regional Elmi Mərkəzində akademik Ziya Bünyadovun 100 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

25.12.2023 09:47 163 baxış
IMG

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbiri mərkəzin direktoru f.ü.f.d. Mehman Əliyev giriş sözü ilə açıb. Bildirib ki, 2023-cü ilin dekabr ayında görkəmli tarixçi və şərqşünas alim, akademik Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur. Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçmiş, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmiş fədakar alimlərdən olub.

Sonra Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov, aparıcı elmi işçilər t.ü.f.d. Samir Kərimov, t.ü.f.d. Mayis Cəfərov, Ağamir Cavad və elmi katib t.ü.f.d. Cəmil Quliyev və baş kitabxanaçı Fəranə Fikrətin çıxışları dinlənilib. Çıxışlarda Z.Bünyadovun ictimai və elmi fəaliyyətindən geniş söz açılıb, alimin tariximizin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində fəaliyyətindən danışılıb.

Sonda LREM-in elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Sevinc Hüseynova tədbiri yekunlaşdıraraq görkəmli şəxsiyyətin, vətənpərvər alimin respublikamızda tarix elminə verdiyi töhfələrdən və yeni tarixçilər nəslinin formalaşmasında xidmətlərindən bəhs edib, onunla bağlı xatirələrini söyləyib.

Xəbər lenti