Logo

“Şərəfli ömür” kitabının təqdimat mərasimi keçirilib - FOTO

25.12.2023 10:31 122 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlunun Sovet İttifaqı Qəhrəmanı Məmiş Şahbaz oğlu Abdullayevin 100 illik yubileyinə həsr etdiyi “Şərəfli ömür” kitabının təqdimat mərasimi keçirilib.

Muzeydən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın yaxın qohumları, ziyalılar iştirak ediblər.

Tədbir “Müqəddəs müharibə” mahnısının və Levitanın səsinin sədaları fonunda faşist Almaniyasının Sovet dövlətinə hücumu nəticəsində başlanan müharibənin milyonlarla insanın qətlinə, şəhər və kəndlərin viran olmasına səbəb olmasından və Azərbaycan xalqının faşist Almaniyası üzərində qələbəyə verdiyi töhfələrdən bəhs edilən video-çarx ilə başlandı. Sonra isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızların, eləcə də, bu il 100 illik yubileyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimat mərasimini giriş sözü ilə açan kitabın redaktoru, Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı bildirdi ki, yaşlı və orta nəsil həmyerlilərimizin qürur və fəxarət yeri olmuş, Sovet İttifaqı Qəhrəmanı, atıçı vızvodun komadiri Məmiş Şahbaz oğlu Abdullayevin 100 illik yubileyi və bu yubiley ərəfəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Abduləziz Xanəhmədoğlunun Məmiş Abdullayevin şərəfli ömür yolundan bəhs edən, “Şərəfli ömür” sənədli poemasını qəhrəmanını hər zaman dəyərləndirən oxuculara, ictimaiyyətə təqdim etməkdən fərəh hissi duyuruq. Abduləziz Xanəhmədoğlu bu gün regionda yaşayıb-yaradan şairlər içərisində öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Şairin 50 ildən artıq bir dövrdə yaratdığı əsərləri öz təbiiliyi, koloriti və lakonikliyi ilə diqqəti cəlb edib. O, Müstəqil Azərbaycan Dövlətçiliyini təbliğ və tərənnüm edən, milli-mənəvi dəyərlərimizi, etnik varlığımızı vəsf edən şairdir. Onun üçün Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, azəri vətəndaşlarının əməksevərliyi, vətənpərvərliyi, azadlıq eşqi, yurd sevgisi qudsal dəyərdi, ali hisslərdir. Müharibə, vətənpərvərlik, qəhrəmanlıq mövzusu şairin müraciət etdiyi əsas mövzulardandır. İdeya və məzmununa görə diqqət çəkən “Şərəfli ömür” kitabında isə şair xalqımızın ləyaqətli oğlu, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş atıcı vzvodun komandiri Məmiş Abdullayevin döyüş xidmətləri, faşist işğalçılarına qarşı qanlı döyüşlərdə göstərdiyi şücaəti, şəxsi keyfiyyətlərini nəzmə çəkərək dolğun, yaddaqalan obrazını yaratmışdır.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü yazıçı-publisist Əlisəfa Azayev M.Abdullayevin 1941-45-ci illərdə alman faşistlərinə qarşı müharibədə göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs edərək, ona həsr etdiyi 2000-ci ildə nəşr edilmiş “Qürbət ellərdə” sənədli romanında Məmiş Abdullayevin və onun timsalında müharibədə fədakarlıq göstərmiş minlərlə həmvətənlərimizin vətənpərvərliyini, şücaətini bədii lövhələrlə oxuculara çatdırmasından bəhs etdi.

Tədbirdə çıxış edən yazıçı-jurnaalist Tofiq Abdullayev, qəhrəmanın doğulub boya-başa çatdığı Muradxan kəndində Məmiş Abdullayevin adına tam orta məktəbin müəllimi Sahilə Həsənova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbə rəisi vəzifəsinin icraçısı Suliddin Əhmədov, rayon ziyalısı Namiq Ağayev, şəhid anaları Müşgünaz Əliyeva, Simuzər Bağıyeva Məmiş Abdullayevə həsr edilən kitab haqqında düşüncələrini bölüşdülər və müəllifin təqdim etdiyi bu kitabın yeniyetmələrə, gənclərə qəhrəmanlıq, vətənpərvərlik, yurda sevgi, saf məhəbbət, dosta sədaqət və s. aşılamasını vurğuladılar.

Tədbirin sonunda Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin qardaşı Ağasəməd Abdullayev çıxış edərək qardaşı haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü və ona ithaf olunan kitab üçün müəllifə və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Tədbirdə poemadan seçilmiş parşaların oxunması tədbir iştirakçılarının alqışına səbəb oldu.

Təqdimat mərasiminin sonunda kitabın müəllifi Abduləziz Xanəhmədoğluna Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun imzaladığı Fəxri Fərman təqdim olundu və müəllif onun əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi.

Xəbər lenti