Logo

“Ulu Öndərin işığında” kitabının təqdimat mərasimi keçirilib - FOTO

25.12.2023 12:40 172 baxış
IMG

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabının təqdimat mərasimi keçirilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli məktəbli şair-publisist Sevindik Nəsiboğlunun gənc olmasına baxmayaraq, artıq bir sıra yaradıcılıq uğurlarına imza atdığını söyləyib. Onun çox böyük istedada malik olduğunu, şeirlərində yüksək poetik üslubun duyulduğunu, xüsusilə, vətənpərvərlik üslubunda çox təqdirəlayiq əsərlər yazdığını bildirib. Bu gün təqdimatı keçirilən “Ulu Öndərin işığında” adlı kitabının müəllifin sayca 7-ci nəşri olduğunu vurğulayaraq, onun Vətənə, Azərbaycan xalqına, Ulu Öndərə olan sonsuz sevgisindən danışıb. 

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verib. Ulu Öndərin elm, təhsil, gənclər siyasəti, ədəbiyyat, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından, gənclərə olan dəstəyindən söhbət açıb. Bu gün Sevindik kimi gənclərin timsalında Azərbaycan gəncliyinin, ədəbiyyatının, mədəniyyətinin daha da inkişaf edəcəyini, bu kitabların “Heydər Əliyev İli”nə bir töhfə olduğunu bildirib. 

Professor Asif Rüstəmli çıxışında Sevindik Nəsiboğlunun zəngin dünyagörüşü, vətənpərvərlik ruhu, zehni, qabiliyyəti ilə seçilən bir gənc olduğunu qeyd edib. O, gənc müəllifin kitab təqdimatının məhz Gənclər Kitabxanasında keçirilməsi əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin gənc istedadlara dəstək olduğunu bildirib. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə dair əminliyini dilə gətirib.

AMEA Şəki Regional Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İradə Yusifli, yazıçı-publisist Nəzakət Eminqızı, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, şair Nazim Muğanlı, şəhid Nobil Zeynalovun həyat yoldaşı Xuraman Tahirova, “İstedadları Tanıyaq və Tanıdaq” İB-in rəhbəri Vüsalə Qələndərli və başqaları çıxış edərək Sevindik Nəsiboğlunun şeirlərində vətənpərvərlik duyğularının çox yüksək olduğunu, “Ulu Öndərin işığında” kitabının Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderin həyat yolundan, Vətən naminə apardığı mübarizədən bəhs etdiyini, müəllifin Heydər Əliyev mənəvi mühitinə sevgisini ifadə etdiyini bildirdilər. 

Çıxışçılar müəllifin yüksək istedada malik olduğunu söyləyərək, ona gələcəkdə yaradıcılıq sahəsində uğurlar, daha yüksək zirvələri fəth etməyi arzulayıblar. 

Sevindik Nəsiboğlu “Ulu Öndərin işığında” adlı kitabının təqdimatının yüksək səviyyədə təşkil olunmasına görə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivinə, tədbirdə iştirak edən bütün qonaqlar dərin minnətdarlığını bildirib. Ulu Öndərə həsr etdiyi “Ata, ruhun şad oldu!” adlı şeiri səsləndirib.

Tədbirin sonunda Sevindik Nəsiboğlu “Ulu Öndərin işığında” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib.

Xəbər lenti