Logo

Kibertəhlükəsizlik üzrə “Skills Azərbaycan 2023” milli yarışının final mərhələsi keçirilir - FOTO

27.12.2023 21:00 147 baxış
IMG

Kibertəhlükəsizlik üzrə keçirilən “Skills Azərbaycan 2023” milli yarışının final mərhələsinə start verilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, “Skills Azərbaycan 2023” milli yarışının imtahan mərhələsindən uğurla keçən 24 iştirakçı 12 komandaya bölünərək final mərhələsində mübarizə aparır. Yarış “WorldSkills” standartlarına əsasən “Capture the Flag” formatında keçirilir.

Yarışın sonunda yüksək nəticə göstərən 3 komanda “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanacaq. Həmçinin növbəti ilin yanvar ayından iştirakçılar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sözügedən beynəlxalq yarışda iştirak üçün hazırlığa cəlb olunacaqlar. Yarışın nəticələri ilə bağlı məlumat hesablama prosesi bitdikdən sonra yaxın günlərdə ictiamiyyətlə paylaşılacaq.

Xatırladaq ki, “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər ixtisası, zərgərlik, qaynaqçı ixtisası və kibertəhlükəsizlik kimi sahələr yer alır.

Kibertəhlükəsizlik üzrə “Skills Azərbaycan 2023” milli yarışı Peşə Təhsili üzrə Dövlət Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “WorldSkills Azerbaijan” təşkilatının əməkdaşlığı çərçivəsində keçirilib.

Xəbər lenti