Logo

BDU-da “Çində və Yaponiyada türkoloji araşdırmalar” mövzusunda elmi seminar keçirilib

27.12.2023 23:04 306 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının (ETL) təşəbbüsü ilə “Çində və Yaponiyada türkoloji araşdırmalar” mövzusunda elmi seminar keçirilib.

BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, mərhum türkoloq alim Şaməddin Xəlilovun xatirəsinə həsr olunmuş tədbirdə kafedranın professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov çıxış edərək Şaməddin Xəlilovun ömür yolundan, BDU-da nümunəvi elmi-pedaqoji fəaliyyətindən, dilimizin tarixinin tədqiqi və tədrisi sahəsində xidmətlərindən danışıb. Seminarın mövzusunun aktuallığına toxunan M.Məmmədov bildirib ki, türkologiyanın inkişafında Avropa ilə yanaşı, Asiya ölkələrindəki türkoloji mərkəzlərin də mühüm xidmətləri olub. Bu cəhətdən Çində və Yaponiyada aparılan türkoloji araşdırmaların öyrənilməsi Azərbaycan türkologiyasının elmi qaynaqlarının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Yaponiyada türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov türk-yapon əlaqələrinin tarixi, Yaponiyada türkoloji düşüncənin inkişafına altayşünaslıq nəzəriyyəsinin təsiri və yapon türkologiyasının inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O bildirib ki, türklərlə yaponlar arasında əlaqələrin meydana gəlməsi iki istiqamətdə baş verib: çar Rusiyasının müstəmləkəsində olan türklərin apardığı milli mübarizə zəminində və Osmanlı imperiyası ilə rəsmi diplomatik münasibətlər səviyyəsində. Bu baxımdan müəllif türk-yapon əlaqələrinin möhkəmlənməsində Osmanlı imperatoru Sultan II Əbdülhəmidin və XIX əsrin sonu XX əsrin əvvəllərində tanınmış türk ziyalısı və səyyahı Əbdürrəşid İbrahim Əfəndinin xidmətlərindən, habelə “Ərtoğrul Fırkateyni” adlı gəminin faciəli Yaponiya səfərindən söz açıb.

“Çində türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov öncə Çində yaşayan türkdilli xalqlar haqqında məlumat verib, həmin ölkədə türk dillərinin tədrisi və tədqiqinin mövcud vəziyyətindən danışıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti