Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə fevralın 28-də ilk dəfə Bakıda “World HR Summit 2024” tədbiri keçiriləcək.
Tehsil.biz xəbər verir ki, tədbirdə Dünya və Avropa İnsan Resursları assosiasiyalarının prezidentləri, yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri ilk dəfə vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gözləntilərdən bəhs edəcəklər.
“Müasir insan resurslarının atası”, biznes üzrə dünyanın ən yaxşı 10 yaradıcı insanından biri, “Forbes”də ən yaxşı 5 Kouç, “Thinkers50”də dünyanın ən yaxşı biznes mütəfəkkirlərindən biri kimi tanınan Dave Ulrich tədbirin açılış mərasimi və panel müzakirələrində iştirak etməklə yanaşı, ilk dəfə xüsusi master-klas keçəcək.
Sammit iştirakçıları qlobal insan resursları trendləri, rəqəmsal insan resursları və süni intellekt, strateji insan resursları, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni bilik və təcrübələrə sahib olacaqlar.