Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2023-cü il ərzində öz oxucularına xidmət işini günün tələbləri səviyyəsində qurmağa nail olub. İl ərzində müxtəlif yaş və kateqoriyadan olan MEK istifadəçiləri fərqli dillərdə çap və elektron resurslar üçün müraciət ediblər ki, bunlardan beş mindən artıq sənəd saxlancdan, mindən artıq sənəd isə yardımçı fondlardan təhvil verilib. Həmçinin istifadəçilərə altı mindən çox müxtəlif məzmunlu tammətnli ədəbiyyat və bir sıra xarici məlumat bazalarından istifadə imkanı da yaradılıb.
Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.
Bildirilib ki, bu sırada il ərzində 2 dəfə EBSCO interaktiv axtarış sisteminə verilən sınaq müddətinin də xüsusi yeri olub. Kitabxana cari il ərzində AMEA-nın elmi-tədqiqat müəssisələrinə, Rəyasət Heyəti yanında müəssisə və təşkilatların əməkdaşları daxil olmaqla, respublikanın və Bakı şəhərinin elm və təhsil müəssisələrinə, ali məktəb və digər təşkilatlarına, həmçinin MDB və xarici ölkələrdən müraciət edən oxucu kontingentinə xidmət işini təkmilləşdirmək məqsədilə elektron kataloqdan daha çox seçim fürsəti verib.
Oxuculara xidmət işini kitabxanalararası abonoment, oxu zalları, dövrü mətbuat və akademiklərin zalı vasitəsilə həyata keçirən MEK əməkdaşları yardımçı fondların komplektləşdirilməsində iştirak edib və bu ədəbiyyatlara dair oxucu sorğularını cavablandırıb.
MEK öz oxucularını 2024-cü ildə də yüksək səviyyədə kitabxana-informasiya xidmətilə təmin etməyə tam hazırdır.