Peşə təhsil müəssisələrinin rəhbər heyəti üçün “Kommunikasiya planlaması” mövzusunda təlim proqramı keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Bakı və regionları təmsil edən 20 peşə təhsil müəssisəsinin direktor və direktor müavinləri iştirak ediblər. Təlimin keçirilməsində əsas məqsəd peşə təhsil müəssisələrində kommunikasiya prosesinin daha effektiv təşkil edilməsi, həmçinin bu sahədə yerli icma nümayəndələri və digər maraqlı tərəflərlə qarşılıqlı əlaqənin qurulması yollarının öyrənilməsidir.
ADA Universitetinin kommunikasiya və rəqəmsal media ixtisasının direktoru Şəfəq Mehrəliyeva tərəfindən keçirilən təlim kursunda iştirakçılara müasir media mühiti və media gündəmi, yaradıcı yanaşmanın əhəmiyyəti, kommunikasiya planının qurulmasının əsasları və prioritet mesajların müəyyənləşdirilməsi” mövzularında məlumat verilib.
Qeyd edək ki, peşə təhsil müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulmuş ikigünlük təlim kursu təmsil etdikləri qurumların ictimaiyyətlə əlaqələr funksiyasını, media əlaqələrinin qurulması və kommunikasiya strategiyalarının yaradılmasına hədəflənib.