Logo

"Səyahətlər həyatı dərk etməyə kömək edir" - MÜSAHİBƏ + FOTO

31.12.2023 11:21 322 baxış
IMG

“Sizi səyahətə sövq edən nədir?”- soruşanda “Həvəs, enerji, maraq...” cavabını verir. Yeni məlumatlar əldə etmək, fərqli ölkələr, mədəniyyət, tarix və adət-ənənələrlə tanışlıq onda motivasiya yaradır. Hər səfərində yeni insanlarla görüşməkdən zövq alır. Həm Azərbaycanı onlara təqdim edir, həm də onların ölkələri haqqında məlumatlar qazanır. Bu, uzun illərdir belədir. Jurnalist, bloger və səyyah Azər Qərib təkcə “Qərib Azər” və “Oralar” verilişləri ilə insanları səyahətə ruhlandırmır, həmçinin səyahət etməyin gərəkliliyini anladır...

“Kaspi”yə müsahibəsində əsl səyahətçilər üçün həyat və səyahətin sinonim olduğunu o da etiraf edir. 

Dünya səyahətinə çıxmaq bir növ dəbə çevrilir. Sizcə, Marko Polo olmaq asandır?

- (gülür) Əslində, yaxşı dəbdir. İnsanlar səyahət edirlərsə, demək onların maddi vəziyyətləri yaxşılaşır. İnsanlar səyahət edirlərsə, demək onlar nəyisə öyrənmək istəyirlər, dünyagörüşləri, savadları artır. Müqayisə edirlər, yenilikləri öyrənirlər. Mübadilənin yalnız xeyri var. Səyahətlər həyatı dərk etməyə kömək edir, həyat da səyahət etməyi... Qoy səyahət elə dəbə çevrilsin.

 

Rəsmi səfərlərin qeyri-rəsmi tərəfi

“Nizami” kinoteatrında “Bir səfərin izi ilə” filminin təqdimatını keçirdiniz. Ulu öndərin rəsmi səfərinin qeyri-rəsmi tərəfləri tamaşaçılarda həqiqətən maraq doğurdu. İdeya necə yarandı?

- Mən siyasi reportajlarla hələ gənclik illərimdən maraqlanırdım. Onda ölkə qapalı idi, gediş-gəliş yox idi, sərhədlər bağlı idi. Bizə Brejnevin, Kosıginin, Podqornının rəsmi səfərlərini göstərirdilər. Həmişə düşünürdüm ki, rəsmi səfərə gedən siyasi lider sonra həmin ölkədə nə edir? Muzeyə gedirmi, küçədə adi insanlarla görüşürmü? Bu ideya beynimdə yaşayırdı. Ölkədə Heydər Əliyevin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilirdi. Mən də “Nə edə bilərik ki, orijinal baxış olsun?” - deyə düşünürdüm. Rəsmi tədbirlər çox idi və əlbəttə, hamısı da çox lazım idi. Amma Ulu öndərin rəsmi görüşlərinin qeyri-rəsmi tərəfi kölgədə qalmışdı. Mən bu ideyanı filmin redaktoru Ayaz Mirzəyevlə müzakirə etdim, o da həvəslə dəstəklədi. Layihə üzərində işlədik, materialları müvafiq qurumlara göndərdik və ideya gerçəkləşdi.   

Bəs niyə məhz İtaliyanı seçdiniz? 

- Bir neçə ölkəni nəzərdən keçirirdik. O vaxt Heydər Əliyevin köməkçisi olmuş Dilarə Seyidzadə ilə məsləhətləşdik. O dedi ki, bu səfərlərin içərisində ən rəngarəng və parlaq görüşlərlə zəngin olanı İtaliya səfəri olub. Həmçinin Yaponiyanın, Çinin adını çəkdi. Mənim özümün də İtaliyaya xüsusi rəğbətim var. Həm də, videoarxivləri izləyəndə Heydər Əliyevin də İtaliya mədəniyyətinə böyük sevgisi olduğunu müşahidə etdik. Əlbəttə, layihənin davamının olub-olmayacağı ilk filmdən asılı idi. Təvazökarlıqdan uzaq da olsa, film uğurlu oldu və qərara alındı ki, davamı çəkilsin...

Jurnalist olmaq istəyi

Keçmiş iş fəaliyyətləriniz maraqlı gəlir: Azneft, Daxili İşlər Nazirliyi, biznes fəaliyyəti, müxtəlif telekanallarla layihələr, nəhayət, “Qərib Azər” və “Oralar” verilişləri... Belə qənaətə gəldim ki, sadaladığım işlər içində televiziya sizin üçün ən yaxşı “istinad” nöqtəsi olub... 

- Jurnalist olmağı uşaqlıqdan istəyirdim. Xarici kanallardan reportajları, “Beynəlxalq panorama” verilişini maraqla izləyirdim. O vaxtdan arzum  televiziya jurnalistikası ilə məşğul olmaq idi. Yazı-pozunu da sevirdim. Hələ 12 yaşım olanda  “Pionerskiy pravda” qəzetində məqaləm dərc olunmuşdu. 1989-cu ildə “İzvestiya” qəzetində Gəncənin tarixi abidələri haqqında bir məqaləm də dərc olundu. Məqalə “Kirovabad” adının dəyişdirilib Gəncə adının qaytarılması ilə bağlı idi. Məqalə səs-küy doğurdu. O vaxt artıq Gəncədə çox populyar idim. Sonra məni Azərbaycan Televiziyasına - “Cənub sərhədlərinin keşiyində” adlı hərbi-vətənpərvərlik verilişinə aparıcı kimi dəvət etdilər. 20 Yanvar hadisələrinə qədər Azərbaycan generalları haqqında silsilə verilişlər hazırladıq. 90-cı ildə məlum səbəblərə görə veriliş bağlandı. 
2003-cü ildə ANS kanalında “Qərib Azər” verilişi ilə yenidən tamaşaçıların görüşünə gəldim. Bu il həmin verilişin 20 yaşı oldu.

Blogerlər bir çətir altında

- Bir neçə il əvvəl Azərbaycan Turizm Blogerləri Assosiasiyasını yaratdınız. Bu qurumla bağlı qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilirsinizmi?

- Məqsədimiz hansısa gəlir və ya imtiyazlar əldə etmək deyildi, səyahət blogerlərini bir çətir altına yığmaq idi. Yəni hamı bir-biri ilə təcrübəsini bölüşsün, yardımçı olsun, izləyicilərə daha dolğun məlumatlar verilsin, birgə layihələr həyata keçirilsin... Təşkilatı yaradanda pandemiya vaxtı idi, xaricə getmək mümkün deyildi. Biz də fürsətdən istifadə edib Azərbaycanın bölgələrinə səyahət edirdik. İndi hava sərhədləri açıqdır, artıq gediş-gəliş var. Bununla bərabər, çalışırıq ki, Azərbaycanın bölgələrini də unutmayaq. Sağ olsun Dövlət Turizm Agentliyi, bizə şəhərin mərkəzində məkan verdi. Azərbaycanda fəaliyyət göstərən hotellərlə müsbət əlaqələrimiz var, onların tanıtımını edirik. Çalışırıq ki, səyahət blogerlərinin sayı çox olsun. 

Sosial platformalarda, xüsusən “Instagram”da səyahət blogerləri arasında qızğın bir rəqabət var. Səyyahla blogerin fərqi nədir?

- Səyahətçi gəzir, başqa ölkələri görür və fotolarını yalnız ailə üzvlərinə və yaxınlarına göstərir, təəssüratlarını da onlarla bölüşür. Bloger isə təəssüratlarını izləyicilərlə bölüşür. Nə qədər izləyicisi çox olursa, o qədər də motivasıyası və reklam dəyəri artır. Çünki istənilən səyahət blogeri hansısa vəsaitlə səyahət etməlidir. O vəsaitlər reklam gəlirlərindən formalaşır.

Qeyd etdiniz ki, pandemiya vaxtı daha çox Azərbaycan boyunca səyahət etmisiniz. Bir müsahibənizdə demisiniz ki, hələ ölkəmizi yaxşı gəzməmisiniz. Bu istəyinizə daha çox xaricə səyahətləriniz mane olub?

- Mənim əslim Qəbələdəndir. Uşaq vaxtı məni tətilə o bölgəyə göndərirdilər: Şamaxı, İsmayıllı, Qəbələni gəzirdim. Düzdür, Zaqatalada da, Balakəndə də olmuşam. Gəncə sevimli şəhərimdir, oraya tez-tez gedirəm. Amma cənub bölgəsində olmamışdım. Oraları çox xoşlayıram. İndi bu bölgəyə tez-tez getməyə başlamışam. Bununla belə, həqiqətən, Azərbaycanda elə bölgələr var ki, hələ səfər etməmişəm. Məsələn, Kəlbəcər mənim arzularımdan biridir. Şuşaya səfər etsəm də, hələ Laçında və işğaldan azad olan digər rayonlarda olmamışam. 

Müsbət və mənfi “şok”

Hansı xarici səfəriniz sizə “mədəniyyət şoku” yaşadıb?

- Səyahətlərim zamanı iki dəfə şok keçirmişəm. Yaponiyada müsbət, Hindistanda mənfi şok... Düzdür, sonradan Hindistan haqqında fikirlərim dəyişdi, ölkəni başqa cür görməyə, hətta sevməyə başladım. Hindistana 15-20 il bundan əvvəl səyahət etmişdim. Mənə natəmiz, antisanitar təsir bağışlamışdı. Amma bir neçə il əvvəl yenidən səfər etdim, müqayisədə çox irəliləyiş var. 

Yaponiyaya isə 2008-ci ildə səyahət etmişdim. 15 il keçib. Hələ onda dedim ki, bura 21-ci, 22-ci əsrin ölkəsidir. O vaxt smartfonlar yox idi, “Ericsson”, “Nokia” modelləri vardı. Məndə “Ericsson”un ən son modeli idi, amma orada işləmədi. Dedilər ki, bu sistem çoxdan köhnəlib. 

Xidmət sektorundakı problem 

Ölkəmizdə gediş, yoxsa gəliş turizmi daha çox inkişaf edib?

- Ölkəyə gələn turistlərin sayı artıb. Bu, rəsmi statistikadır. Regionlarda yeni hotellər açılıb, heç biri də boş olmur. Eyni zamanda, gediş turizmi də çoxalıb. AZAL lizinqlə yeni təyyarələr alır, demək, ehtiyac var. Azərbaycana yeni aviaşirkətlər, “loukoster”lər gəlir. Pandemiyadan sonra böyük canlanma yaranıb. Hətta hava limanına gedəndə böyük sıxlıq müşahidə edirəm. Bunlar əlbəttə, sevindiricidir.

Turizmdə xidmət məsələsinə toxunaq. Daxili turizmdə hansı çatışmazlıqlar müşahidə edirsiniz?

- Yerli turizmdə ən böyük problem xidmət sahəsindədir. Hotel biznesində, restoranların xidmət sektorunda problem var. Müştərilərə xidmətdə təcrübə çatışmır. Amma servisin zəif olması pis niyyətdən yox, təcrübəsizlikdən irəli gəlir. Məncə, bu qüsurlar da tədricən təlimlərlə aradan qalxacaq, buna görə optimistəm. 

Təqaüdçülər üçün səyahət planı

Özümə həmişə maraqlı olan bu sualın cavabını sizdən də istəyirəm: niyə bəzi adamlar səyahət etmirlər?

- Maraqlı sualdır... Və ya şablon yerlərə səyahət edirlər? Biz nədənsə səyahət üçün eyni ölkələrə gedirik. Mən xaricdə adamlarla söhbət edəndə “Bu il filan ölkəyə getmişəm, gələn il filan ölkəni planlaşdırıram” kimi fikirlərini səsləndirirlər. Onlar səyahətlərini 4-5 illiyə planlayırlar. Biz isə yeni ilə və ya Novruz bayramına bir həftə qalmış “Tətil gəldi, hara gedək?” - deyə düşünürük. Sonra da gileylənirik ki, qiymətlər bahadır. Bu qaydanı bilmək lazımdır ki, aviaşirkətlərdən bileti qabaqcadan alanda ucuz olur. Eynilə hotelləri də öncədən sifariş etmək lazımdır. Bizim Assosiasiyanın üzvləri turlar təşkil edirlər. Onlar da deyirlər ki, bir çox insanların imkanları var, amma sadəcə, getməyə qorxurlar: kimisi dil bilmir, kimisi nabələd olmaqdan, azmaqdan ehtiyat edir. Yanlarında bələdçi olanda isə arxayın olurlar. Bu baxımdan, bizim blogerlərin də üzərinə müəyyən vəzifələr düşür.

Dünya ölkələrində yaşlılar çox səyahət edirlər. Bizdə, məsələn, təqaüdçülərin səyahət etməsi normaya çevrilməyib. Sizcə, bu, təkcə maddi vəziyyətlə bağlıdır?

- Mənim biznes planlarımda belə turlar təşkil etmək var. Rəhmətlik anam 45 yaşında dul qalmışdı. Təklikdə 3 uşaq böyütmüşdü. Anam Parisə səyahət etmək istəyirdi. Biz ona belə bir tur tapa bilmədik. Sonra biz anamı rəfiqəsi ilə göndərdik. Bizim o yaşda səyahət edən insanlarımız olmur. Yaşlı insanların təşkilati imkanları yoxdur. Çox adamlar var ki, valideynlərini səyahətə göndərmək istəyirlər, amma belə qruplar tapa bilmirlər. Məsələ həm də təqaüdçülərin təqaüdünün yüksək olmaması ilə bağlıdır. Məsələn, müəllimin təqaüdü ilə hüquq-mühafizə orqanlarından ehtiyata buraxılanların təqaüdü eyni deyil. Digər tərəfdən, xaricdə ata-ana uşağı böyüdür, sonra özü üçün yaşayır. Bizdə isə ata-ana uşağı böyüdəndən sonra nəvələr üçün yaşamağa başlayır, özünə vaxt qalmır. 

Yeri gəlmişkən, xaricə səfər vizası almaq əsl problemə çevrilib. Görüş yerlərinin satılması ilə bağlı narazılıqlar səslənir...

- Bu problem var... Bəzi səfirliklərin işçiləri öz vəzifələrindən sui-istifadə edərək vizanın alınmasında “köməklik” göstərirdilər. İnsanlar da  haqlı olaraq narazılıq edirdilər. Hətta bu narazılıqlar haqda Xarici İşlər Nazirliyinə məlumat verilir, səfirliklərə də çatdırılırdı. Elə səfirliklər var ki, şəffaf işləyir, viza prosedurunu beynəlxalq vasitəçi şirkətlər həyata keçirirlər. Elələri də var ki, başdansovdu iş görürlər. Digər tərəfdən, özümüzdə də təqsir var. Səyahət etmək istəyən insan viza haqqında bir həftə əvvəl yox, 3-4 və ya altı ay qabaq düşünməlidir.

Turizm qiymətlərinin sıçrayışı

101-ci ölkəyə səyahət etdiyinizi qeyd etmişdiniz. Sirr deyilsə, növbədə hansı ölkədir?

- İstəyim xəritədə mövcud olan bütün ölkələrə səyahət etməkdir. Son vaxtlar dünyada turizm qiymətlərinin sıçrayışı baş verib. Hotellərin, uçuşların qiymətləri bahalaşıb. Ümumiyyətlə, istənilən sahədə həyat bahalaşıb. Ona görə qismət və büdcə hara imkan versə, ora da gedərəm.

Mark Tvenin belə bir fikri var: “Ölüm ayağında az sevdiyimizə, həyatda az səyahət etdiyimizə peşman olacağıq”. Bu kontekstdə təcrübənizdən istifadə edərək insanlara nə deyərdiniz?

- Səyahətə həvəsi olan insan məvacibindən asılı olmayaraq ildə bir dəfə, uzağa da olmasa yaxına səyahət edə bilər. Sadəcə, qənaət etməklə, pul toplamaqla, təyyarə biletləri ilə bağlı endirim aksiyalarını izləməklə bunu etmək mümkündür. Mən arzu edirəm ki, insanlar səyahət etsinlər!

Xəbər lenti