Logo

Türkiyədə “1 əsrlik yol…” adlı konsert təşkil edilib - FOTOLAR

01.01.2024 15:04 219 baxış
IMG

Türkiyənin İzmir şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində “1 əsrlik yol…” adlı konsert keçirilib.

Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, 2023–cü ilin son günləri “Gənclərə dəstək” layihəsi üçün əlamətdar tədbirlər silsiləsi kimi tarixə yazıldı. Belə ki, mədəni siyasət, multikulturalizm məsələlərindən irəli gələrək təşkil edilən konsertlər Azərbaycan və Türkiyə mədəniyyətlərinin qovşağı, Ulu Öndər Heydər Əliyevin siyasətində incəsənətin rolu kimi məqamları da qarşıya çəkmiş oldu.

Bu ilin həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmli olması danılmazdır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi eyni zamana təsadüf etmişdir. Bu tarixi günlərə həsr olunmuş tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Ege Universiteti Dövlət Türk Musiqi Konservatoriyası tərəfindən təşkil olunub. “Gənclərə dəstək” layihəsi iştirakçıları adıçəkilən Konservatoriyada artıq ikinci ildir ki, çıxış edirlər.

Filarmoniyanın direktor müavini, “Gənclərə dəstək” layihəsinin koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə tamaşaçılara layihə haqqında geniş məlumat verib, eyni zamanda, bayram münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təbriklərini çatdırıb.

Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Camalə Abdinzadə (piano), Həmidə Adilova (viola), Aytac Kara (violin), Leyla Hüseynzadə (piano), Talıb İsgəndərli (bariton) və Kamran Talıblı (fleyta) öz ifalarını dinləyicilərə təqdim ediblər. Proqramda Azərbaycan, türk və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Konsertin sonunda təşkilatçılar iştirakçılara təşəkkürünü bildirib və onlara diplomlar təqdim olunub. Beləliklə, “1 əsrlik yol…” adlı konsert iştirakçılara ölkəmizin mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməyə və qardaş ölkənin milli mədəniyyəti ilə tanış olmağa imkan verdi. Vurğulanması vacib olan məqam ondan ibarətdir ki, “Gənclərə dəstək” layihəsi səkkiz ildir ki, fəaliyyət göstərir, onun beynəlxalq miqyasda tanınması və mədəniyyətimizi beynəlxalq miqyasda təbliği çox qürurvericidir. Bu layihə çərçivəsində gənclər Almaniya, Türkiyə, Gürcüstan və s. kimi ölkələrdə musiqimizi dəfələrlə təmsil ediblər.

“Gənclərə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir, əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri — Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, layihənin koordinatoru Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

Xəbər lenti