Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən “İMES” və “UİF” informasiya sistemləri “Fərdi məlumatların informasiya sistemlərinin Dövlət Reyestri”nə daxil edilib və Dövlət Reyestrindən çıxarış əldə olunub.
Tehsil.biz xəbər verir ki, “Mədəniyyət sahəsində kibertəhlükəsizlik, lisenziyalaşdırma və fərdi məlumatların mühafizəsi” üzrə fəaliyyətin təşkili Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası”nın 10 əsas prioritet istiqaməti sırasında yer almaqdadır.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na müvafiq olaraq Mədəniyyət Nazirliyi tərəfindən zəruri fəaliyyət həyata keçirilmişdir.
Fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyətin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun və digər sahəvi normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilməsi xüsusi diqqət yetirilən məsələlər sırasındadır.
Bu istiqamətdə əməkdaşlıq olunan şirkətlərdən “Fərdi məlumatlar haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələri ilə tənzimlənən zəruri lisenziyanın olması tələb olunur.
Tətbiq edilən rəqəmsal həllərdə subyektlərin fərdi məlumatlarının toplanılması, işlənilməsi və ötürülməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq birmənalı şəkildə subyektlərin razılığı ilə həyata keçirilir. Eyni zamanda, subyektin razılığı ilə yanaşı, təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq təhlükəsizlik həlləri (“ssl” sertifikatı, “https” protokolu), o cümlədən məlumat bazalarında şifrələnmə (“Data Encription”) tətbiq edilir.