Logo

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının Bəyanatı

08.10.2020 16:46 445 baxış
IMG

27 sentyabr tarixindən başlayaraq Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən Ermənistan cəlladları yalnız hərbi mövqelərimizə deyil, Azərbaycanın mülki əhalisinə də ağır texnika və artilleriya vasitələrindən atəş açaraq növbəti hərbi cinayətə əl atdı.

Ermənistan 30 ildir ki, Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətini davam etdirir. Bu ölkənin əvvəlki hökumətləri kimi, indiki rəhbərləri də danışıqların bütün imkanlarından sui-istifadə edərək işğala əsaslanan status-kvonu gücləndirmək üçün daim müxtəlif mexanizmlərdən istifadə etməyə çalışır. Son illərdə rəsmi İrəvan daha irəli gedərək ardıcıl olaraq "Qarabağ Ermənistandır" kimi sərsəm açıqlamlar verir. Belə sərsəm fikir onların silahlı təxribatlarında, hətta bu ilin iyul və avqust aylarında baş verən təxribatlarda da özünü büruzə verdi və beləliklə, danışıqların aparılması üçün bütün mümkün imkanları məhv etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün mötəbər beynəlxalq kürsülərdən Ermənistan rəhbərliyinin çirkin və təxribatçı siyasətini konkret faktlarla ifşa etmiş, işğalçı qüvvələrin tarixən ərazilərimizdə həyata keçirdiyi separatizm siyasətini, regionda gərginliyin artmasında bilavasitə Ermənistanın rolunun olduğunu bildirmiş, Qarabağın Azərbaycan torpağı olduğunu dünya ictimaiyyətinə bəyan etmişdir.

Təəssüf ki, Ermənistanın dağıdıcı hərəkətləri, qeyri-konstruktiv mövqeyi ucbatından uzun müddətdir davam edən danışıqlar prosesi gözlənilən nəticəni vermədi. İrəvan beynəlxalq birliyin rəyini nəzərə almadı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymadı. Üstəlik, bu təcavüzkar ölkə davamlı olaraq silahlı təxribata əl atdı və mülki şəxsləri hədəf almaqla Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozdu.

On gündən artıqdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün işğalçı qüvvələrlə mübarizə aparır. Əsgərlərimiz düşmənə dağıdıcı zərbələr endirirlər. Qürurvericidir ki, şanlı Ordumuzun rəşadəti böyük uğurların qazanılmasına vəsilə olmuş, artıq Cəbrayıl şəhəri, neçə-neçə kəndlərimiz, strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Ermənistanın hüquq tanımayan və işğalçı davranışının son nümunəsi Azərbaycanın tarixi Gəncə şəhərinə, eləcə də Mingəçevir, Tovuz, Tərtər, Bərdə şəhərlərini və digər ərazilərini raketlə atəşə tutması oldu. Ermәnistanın mülki vәtәndaşları hәdәf alması insanlığa qarşı törәdilmiş bәşәri cinayәtdir. Uşaq, qadın, qoca demədən Xocalı qətliamını törədən Ermənistan  30 il öncə necə idisə, bu gün də öz xislətini dəyişməmişdir. Ermənistan bu təxribatlarla regionda sülh və sabitliyin bərqərar olunmasına bir daha əngəl olduğunu sübuta yetirdi. Ermənistanın insanlığa qarşı daha artıq günah işlətməməsi üçün işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror qrupları ilə əməkdaşlığa son qoymalı, bölgəyə gətirdiyi muzdlu hərbçiləri, terrorçuları qısa müddətdə bölgədən çıxarmalıdır. 30 il boyu işğalı sükutla izləyənlər, Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra beynəlxalq təşkilatlar Ermənistanın riyakar simasını  görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə verilməsi üçün sözdə deyil, əməli fəaliyyətə keçməlidirlər.

Bu gün bütün cəmiyyətimizdə böyük ruh yüksəkliyi mövcuddur. Bu gün yeni bir tarix – xalqımızın və dövlətimizin şanlı tarixi yazılır. Bu gün biz tarixi ədaləti bərpa edirik, çünki Qarabağ tarixi torpağımızdır. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Şanlı Ordumuza şərəfli və haqlı mübarizəsində uğur və zəfər arzu edirik.

Torpaqlarımızın müdafiəsində  ayıq-sayıq dayanmağı, ərazi bütövlüyümüzü  qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi özlərinə  şərəfli peşə hesab edən, Vətəni göz bəbəyi  kimi qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu  dərk edən Azərbaycan gəncliyi Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə ölkəmizin təhlükəsizliyinin  təmin olunması,  erməni işğalçılarına qarşı mübarizəyə hər zaman hazırdır.

Bu gün kimliyindən asılı olmayaraq hər bir kəs dövlətinin uğurları üçün çalışır, cəbhədə döyüşən məğrur və rəşadətli əsgərlərimizə mənəvi dəstəyini ifadə edir,  haqq mübarizəmizi bütün dünyaya yaymaq üçün misilsiz fədakarlıq nümayiş etdirir.

Biz, Bakı Dövlət Universitetinin tələbə gəncləri bu bəyanatı imzalayaraq, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb edir, mülki əhaliyə qarşı yönəlmiş təxribatları dayandırmağı, beynəlxalq hüququn normalarına hörmətlə yanaşmağı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal yerinə yetirməsini tələb edirik!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Xəbər lenti