Logo

Faşist Qaragin Njde əslində kimdir? - ŞƏRH + FOTO

02.01.2024 20:35 369 baxış
IMG

Bu gün Ermənistanla münasibətlərin normallaşmasına, qarşılıqlı etimad mühitinin yaranmasına mane olan bir neçə amil var.

Tehsil.biz Report-a istinadən xəbər verir ki, məhz həmin səbəblər sülh sazişinin hazırlanmasına və imzalanmasına mane olur. Bu amillərdən biri də Ermənistanda faşizmin təbliğidir. Belə ki, bütün həyatı türklüklə mübarizə ilə keçən, onlarla cinayət törədən, faşist Qaragin Njde bu gün Ermənistanda "milli qəhrəman" kimi tanınır. Onun şərəfinə müxtəlif tədbirlər keçilir.

Belə tədbirlərdən biri də ötən gün baş tutub. Belə ki, erməni gənclər tsexakronizmin (erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyası - red) banisi, faşist Q.Njdenin İrəvandakı abidəsinin qarşısına toplaşıblar. Bu, birbaşa olaraq faşizmin təbliği deməkdir. Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində və digər yerlərində bu faşistin heykəli var.

Q.Njdenin heykəlinin sökülməsi uzun müddət elə Ermənistan daxilində də müzakirələrə səbəb olub. Müxtəlif siyasətçilər, o cümlədən nazirlər heykəlin sökülməsini tələb ediblər. Ermənistan daxilindəki ağıllı adamlar başa düşürlər ki, Q.Njdenin və faşizm ideologiyasının bu qədər təbliğ edilməsi ölkələrinin xarici siyasətinə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına əngəl yaradır.

Yada salaq ki, Q.Njde ömrü boyu türklüyə qarşı vuruşub, Fransada, Amerikada, Rusiyada, Türkiyədə, İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan həzz alıb, hər yerdə Türkiyəni düşmən bilib. Bunu özü də 1954-cü il fevralın 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilova ünvanladığı əfvlə bağlı yazdığı ərizədə də qeyd edib: “Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçib".

Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə ondan türklərə qarşı bir alət kimi istifadə edilib. Məsələn, hələ I Dünya müharibəsi başlayanda çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Ermənlərin fəxri olan Njde bu barədə yazıb: “Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərtilə çar hökuməti tərəfindən əfv olunaraq geri qayıtdım. Njde I Dünya müharibəsində Osmanlı dövlətinə qarşı “şücaətlə” vuruşduğunu gizlətməkdən çəkinməyib.

İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra maraqlı qüvvələrin yardımı ilə Bolqarıstanda vətəndaşlıq statusu qazanan, orada da daim türklərə qarşı terrorçuluq edən Njde II Dünya müharibəsi ərəfəsində könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişdi. Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında A.Hitlerə məlumat verdi. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər. SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya müharibəsində SS (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil edib. Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqarıstan və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı müzakirə edilib hazırlanmışdı (Mənbə: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51). Amma hadisələrin gedişi Njdenin arzularını ürəyində qoydu. Xeyli müddət təkəbbürlə mundirində “SS devizi” (“Meine ehre heißt treue – Şərəfim sədaqətimdir”) daşıyan Njde rastlaşdığı ilk çətinlikdə çox asanlıqla almanlara verdiyi sözü, vədi, içdiyi andı unutdu.

Bir məsələni də xüsusi qeyd edək ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan verilməməsi barədə ilk dəfə beynəlxalq təşkilatlar, ölkələr qarşısında məsələ qaldıran dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev olub. Xatirinizdədirsə, Prezident İlham Əliyev cəllad Njde ilə bağlı MDB Zirvə görüşlərindən birində çıxışında məsələ qaldıraraq demişdi: "Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir".

Dövlət başçsının da qeyd etdiyi kimi, faşizmin baş qaldırmasına yol vermək olmaz. Çünki bu dünyanı uçuruma aparır.

Bu qədər "zəngin" keçmişi olan Q.Njdenin heykəlinin sökülməsi Ermənistan daxilində narazılıqlara, hətta, ola bilsin, vətəndaş müharibəsinə səbəb ola bilər. Odur ki, Ermənistan hakimiyyəti siyasi iradə göstərməlidir. Onun faşizm ideologiyasının təbliği Ermənistanı nicata aparmır. Əksinə, uçuruma sürükləyir.

Xəbər lenti