Gəncə Dövlət Universitetində (GDU) 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasına start verilib.
Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, rektor Yusif Yusibovun imzaladığı əmrə əsasən ali təhsil ocağında nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. İmtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb.
İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil olunub, imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, deputatlar, ictimaiyyət və KİV nümayəndələrindən, eləcə də valideynlərdən ibarət ictimai nəzarət şurası yaradılıb.
Payız semestrinin imtahan sessiyası yazılı və şifahi, yaradıcılıq tələb edən ixtisaslar üzrə isə qabiliyyət formasında keçiriləcək. Gələn il yanvarın 15-dən imtahanlar kompüterdə test, şifahi və qabiliyyət formasında aparılacaq. İmtahanlar fevralın 1-də yekunlaşacaq.
Sessiyada üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə fevral 2-14-də təkrar imtahan vermək imkanı yaradılacaq.