ABŞ-nin “New York Insider” və “Digital Journal” qlobal media platformalarında Diasporla İş üzrə Dövlət Komitəsinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi “Bir olaq, həmrəy olaq!” virtual konfransı barədə məlumat verilib.
Bu barədə "Tehsil.biz"ə Diasporla İş Üzrə Dövlət Komitəsindən bildirilib.
Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramovaya istinadən verilən məlumatda bildirilib ki, tədbirdə beş qitədə yaşayan, 77 ölkəni təmsil edən 700 nəfərə yaxın Azərbaycan diasporunun üzvü, türk diasporunun nümayəndələri və Azərbaycanın dostları iştirak ediblər. “Tədbir iştirakçıları bir daha böyük birliklərini və həmrəyliklərini nümayiş etdiriblər, eləcə də soydaşlarımızı təbrik ediblər. Belə tədbirlər dünyadakı söydaşlarımızın birliyində həlledici rol oynayır. Dünya azərbaycanlılarının ümumi irsimizi qeyd etmək üçün bir araya gəldiyini görmək çox ürəkaçandır”, - icma rəhbəri söyləyib.
Qeyd edilib ki, tədbirdə Florida Azərbaycan icmasının son illərdəki uğurlu təşəbbüslərindən də danışılıb. Bu nailiyyətlər arasında müğənni Xan Beylinin “Vətənin nəğmələri” konserti, Florida ştatının tanınmış azərbaycanlı alim və mütəxəssislərinin Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində fəal iştirakı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Esmira Bayramova hər il keçirilən və artıq gözəl ənənəyə çevrilmiş tədbirə görə Komitəyə minnətdarlığını bilirib: “Hər il soydaşlarımızı Həmrəylik Günündə bir araya gətirmək ənənəsinə sadiqliyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, onun sədri Fuad Muradova səmimi təşəkkürümü bildirirəm. Bu tədbirlər əlaqələrimizi möhkəmləndirir, dünya azərbaycanlıları arasında birlik hissinə güclü təsir edir. Florida ştatının Azərbaycan İcması diasporumuz daxilində əlaqələri möhkəmləndirməyə, nailiyyətləri bayram etməyə və həmrəyliyi gücləndirməyə sadiqdir”.