Bu gün Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anım günüdür. Böyük ədibin vəfatından 92 il ötür.
Tehsil.biz xəbər verir ki, Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçüb. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olub. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləyən şəxsiyyətlərdən olub. Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışıb, burada duz, ot və saman satıb, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlədib. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxıblar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşıb. Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənib, onların 4 oğlu və 1 qız övladı dünyaya gəlib. M.Məmmədqulunun böyük oğlu Mirzə Yusif fars dilini mükəmməl bilən saatsaz olub. O, cavan yaşlarında vəfat edib. Kiçik oğlu Xəlili də erkən yaşlarda - 1904-cü ildə itirib. Məşədi Məmmədqulu yalnız iki oğlunu - Ələkbəri, Cəlili və qızı Səkinəni böyüdüb, onlara tərbiyə verə bilib. Cəlil Məmmədquluzadə 1873-1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxuyub. Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənib. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cüzi yer verilirdi. O, burada 3 il təhsil alıb.
Onun üçüncü oğlu Mirzə Ələkbər (1872-1922) 1906-1911-ci illərdə Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri, Səttar xanın yaxın silahdaşlarından olub. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə gedib. Səkinə xanımın Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qız övladı dünyaya gəlib. O, 1913-cü ildə vəfat edib. O, körpələr də Mirzə Cəlilin himayəsində böyüyüb. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat ediblər.
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlayıb. O, 1887-1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik edib. Hətta 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. Mirzə Cəlil 1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunub. Belə ki, Qafqaz tədris dairəsinin müdiri İrəvan və Yelizavetpolun xalq məktəbləri müdirinə göndərdiyi 7 avqust tarixli məktubunda Uluxanlı məktəbinin müəllimi Məmmədbəy Qazıyevin işdən azad edildiyini və onun əvəzinə Cəlil Məmmədqulizadənin təyin olunduğunu bildirib. Gənc müəllim 1887-ci ilin sentyabrın 1-dən Uluxanlı qəsəbəsində 1-ci dərəcəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Həmin vaxt Uluxanlıda əhalinin elmə, məktəbə həvəsi yox idi. Məktəbdə cəmisi 10-12 şagird oxuyurdu.
İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb. 1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub.
1896-cı ildə ilk ailəsini quran ədibimizin 1897-ci ildə Münəvvər adlı qız övladı dünyaya gəlib. Təəssüf ki, həyat yoldaşı Həlimə xanım eyni ildə vəfat edib. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurub. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanıb. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğub və bununla da əsəb xəstəliyinə tutulub. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xanımını Tiflisə aparıb və həkimlərin tövsiyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirib. Buna baxmayaraq, Nazlı xanımın xəstəliyi şiddətlənib, yeməkdən qəti imtina edir və tezliklə də dünyasını dəyişib. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı quran Cəlil Məmmədquluzadənin Midhət və Ənvər adlı iki oğul övladı dünyaya gəlib. Həmidə xanım Azərbaycanın ilk maarifçi qadınlarından olub. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri xiyabanda dəfn olunub.
(C.Məmmədquluzadənin oğlu Midhət ilə fotosu)
1904-cü ildən Tiflisdə nəşr edilən “Şərq-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.
1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.
7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.
Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.
Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.
Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizmi kəskin tənqid atəşinə tutub.
Cəlil Məmmədquluzadənin qızı Münəvvər Məmmədquluzadə SSRİ Ali Sovetinin II çağırış deputatı olub, 1965-ci ildə vəfat edib. Oğlu Midhət Məmmədquluzadə Azərbaycan Dövlət Plan Komitəsində çalışmış, Mingəçevir SES-in layihəsini hazırlayan komissiyanın elmi katibi olub. O, 1932-ci ildə Bakıda vəfat edib. Digər oğlu Ənvər Cəlil oğlu Məmmədquluzadə Azərbaycan Tibb Universitetini bitirib, bir müddət həmin ali məktəbdə əczaçılıq kafedrasında işləyib.
Böyük ədib 1932-ci il yanvarın 4-də Bakı şəhərində beyin qansızmasından vəfat edib. Fəxri xiyabanda son mənzilə yola salınıb. Ədibimizin xanımı 1955-ci ildə vəfat edən Həmidə Cavanşir-Məmmədquluzadənin də məzarı Fəxri xiyabanda C.Məmmədquluzadənin məzarı yanındadır.