Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində 2023-cü ilin sonunadək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 26, Azərbaycanın isə 44 nüfuzlu ali məktəbində tədris olunub.
Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib.
Tədris keyfiyyətinin yüksəldilməsi və müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edən müəllimlər üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil olunub. Treninqi uğurla bitirən müəllimlərə müvafiq sertifikatlar verilib.
Tələbələrin bilik və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi, eyni zamanda, onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədilə “Multikulturalizmə giriş” fənninin (Azərbaycanda ali məktəblərin bakalavr səviyyəsində tədris edilir) monitorinqi aparılıb.