Kulis.az Ağasəlim Pünhanoğlunun “Qız qalası" - Sovet Azərbaycanı incəsənətinə hədiyyə” yazısını təqdim edir.
Balet – (fransız sözü “balleto”dan götürülüb, mənası – “rəqs edirəm” deməkdir) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəqsdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir.
Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var. Baletdə əsasən, klassik və xarakterik rəqslərdən istifadə olunur. Ancaq bu sənət növündə pantomima da mühüm rol oynayır. Aktyorlar qəhrəmanların hisslərini, səhnədə baş verənlərin mahiyyətini pantomimanın köməyilə çatdırırlar. Həmçinin, müasir baletdə gimnastika və akrobatika elementlərindən də geniş istifadə olunur.
Balet İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb (XVI əsr). Musiqi, söz, rəqs və pantomimanı birləşdirən ilk balet tamaşası “Çirçeya” və ya “Kraliçanın gülməli baleti” italiyalı baletmeystr Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib. O vaxtdan da Fransada saray baleti janrı inkişaf etməyə başlayıb. (maskaradlar, pastorallar, rəqs divertismentləri və intermediyaları). XIV Lüdovikin zamanında saray baletinin tamaşaları son dərəcə möhtəşəm səviyyəyə çatmış, tamaşalara əfsanəvi xarakter verən səhnə effektlərindən istifadə olunurdu.
XVII əsrin ikinci yarısında komediya-balet, opera-balet kimi teatral janrlar yaranır ki, onlarda baletə daha çox yer ayrılır və onun dramatikləşdirilməsinə cəhd olunur.
Balet, yalnız XVIII əsrin ikinci yarısında Fransız baletmeysteri J.J.Noverin həyata keçirdiyi islahatlar sayəsində səhnə sənətinin müstəqil növünə çevrilir. Fransız maarifçilərinin estetikasından ilhamlanan Nover, məzmunu bədii plastik obrazlar vasitəsilə açılan tamaşalar yaradaraq, musiqini “rəqqasın hərəkətlərini yönləndirən proqram” adlandırır.
Baletin sonrakı inkişaf və çiçəklənmə dövrü romantizm dövrünə təsadüf edir. XVIII əsrin 30-cu illərində fransız balerinası Kamarqo yubkasını qısaldaraq dikdaban ayaqqabılardan imtina edir və rəqsə öz yeniliklərini gətirir. XVIII əsrin sonlarında balet kostyumu daha da yüngülləşir ki, bu da rəqs texnikasının inkişafına xeyli yardım edir. Rəqslərini daha havalı etməyə çalışan rəqqasələr barmaqlarının ucuna qalxmağa çalışırlar. Nəticədə puant ixtira olunur. İlk dəfə rəqsdə puantdan ifadə vasitəsi kimi rəqqasə Mariya Talyoni istifadə edib.
Baletin müxtəlif növləri var: klassik, çoxaktlı təhkiyə baleti, drambalet, süjetsiz balet – balet-simfoniya, əhval-ruhiyyə baleti – miniatür. Janrına görə balet komik, folklor və qəhrəmanlıq baletlərinə bölünür. XX əsr isə baletə yeni formalar – cazz-balet və modern baleti gətirib.
Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib.
1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli “Tərlan” baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün “Qız qalası” baletini yazmışdır.
Sonralar teatrın repertuarı "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov), Qaraca qız” (1965,E.Abbasov), “Min bir gecə” (1979, Fikrət Əmirov), “Babək” (1986, Aqşin Əlizadə), “Ağ və qara” (2000, Xəyyam Mirzəzadə), “Eşq və ölüm” (2005, P. Bülbüloğlu) və s . əsərlərlə zənginləşmişdi.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri - respublikanın xalq artisti Əfrasiyab Bədəlbəyli milli musiqi mədəniyyəti tariximizə bəstəkar, dirijor, musiqişünas-tədqiqatçı, librettoçu, publisist və maarifpərvər ziyalı kimi daxil olmuşdur.
Əfrasiyab Bədəl oğlu Bədəlbəyli 1907-ci il aprelin 19-da Bakı şəhərində görkəmli maarifpərvər xadim Bədəlbəyin ailəsində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin linqvistika şöbəsini bitirən Əfrasiyab musiqiyə xüsusi maraq göstərmiş, eyni zamanda Musiqi Texnikumunda təhsil almışdır. Sonralar - 1934-38-ci illərdə Ə.Bədəlbəyli Leninqrad Dövlət Konservatoriyasının nəzdindəki musiqi texnikumunun bəstəkarlıq fakultəsində musiqi təhsilini davam etdirərək professor Boris Zeydmanın sinfini bitirmişdir.
Musiqi yaradıcılığına 20-ci illərdə başlamış Ə.Bədəlbəyli dram tamaşalarına musiqi yazmaqla ilk bəstəkarlıq addımlarını atmışdır. O, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, C.Cabbarlının pyeslərinə musiqi yazmışdır.
Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti – “Qız qalası” baletinin müəllifidir. 1940-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş “Qız qalası” baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk baletdir.
Bəstəkarın qələminə habelə, “Tərlan” baleti, müəllimi professor Boris Zeydmanla birgə yazdığı “Xalq qəzəbi” operası, Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə həsr olunmuş “Nizami” operası, “Söyüdlər ağlamaz” operası mənsubdur.
Əfrasiyab Bədəlbəylinin yaradıcılıq fəaliyyətində dirijorluq sənəti xüsusi yer tutur. O, Azərbaycanın ilk dirijorlarından biri olmuşdur. Ə.Bədəlbəyli ilk dəfə 1927-ci ildə dirijorluq sənətinə başlamışdır. Onun ilk dirijorluq etdiyi əsər Ü.Hacibəyovun “Əsli və Kərəm” operası olmuşdur. Ə.Bədəlbəyli P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dirijorluq fakültəsində təkmilləşmişdir. O, bir neçə il S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında dirijorluq təcrübəsi keçmişdir. Dirijorluq sənətinin sirlərinə dərindən bələd olan Ə.Bədəlbəyli ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor vəzifəsində çalışmış, dünya musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının, həmçinin özünün səhnə əsərlərini özünəməxsus bir istedadla təfsir etmişdir.
Əfrasiyab Bədəlbəyli eyni zamanda istedadlı publisist, librettoçu və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. O, Süleyman Ələsgərovun "Bahadur və Sona" operasının, Əşrəf Abbasovun "Qaraca qız", Boris Zeydmanın "Qızıl açar" və "Gülən adam" baletlərinin, eləcə də öz səhnə əsərlərinin librettolarını yazmışdır. Əfrasiyab Bədəlbəyli həmçinin P.Çaykovskinin "İolanta", C.Rossininin "Sevilya bərbəri", Z.Paliaşvilinin "Daisi", R.Qliyerin "Şahsənəm" operalarının librettolarını Azərbaycan dilinə tərcümə etmişdir.
Əfrasiyab Bədəlbəylinin bir musiqişünas kimi fəaliyyəti də önəmlidir. Onun "Musiqi haqqında söhbət", "Qurban Primov" monoqrafiyaları, Azərbaycan dilində indiyə qədər yeganə sayılan "Musiqi terminləri lüğəti" milli musiqişünaslığımızın əhəmiyyətli əsərlərindəndir. Maraqlı və aktual mövzulara həsr olunmuş elmi-publisistik məqalələrlə dövrü mətbuatda çıxış edən Əfrasiyab Bədəlbəyli "Ədəbiyyat və incəsənət" qəzetinin və "Elm və həyat" jurnalının redaksiya heyətinin üzvü, "Azərbaycan Sovet Ensiklopediyası" Baş Redaksiyasının üzvü olmuşdur.
İctimai musiqi xadimi kimi geniş fəaliyyət göstərən Ə.Bədəlbəyli müxtəlif illərdə Azərbaycan Dövlət Radio Komitəsinin, habelə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. O, Azərbaycan Bəstəkarlar İttifaqının yarandığı ilk gündən - 1934-cü ildən bu yaradıcılıq təşkilatının üzvlüyünə qəbul olunmuş, bütün qutultayların idarə heyətinin üzvü seçilmiş, uzun illər "Musiqişünaslıq" bölməsinin rəhbəri olmuşdur.
“Qız qalası” baletinin o zamankı M. F. Axundov adını Azərbaycan Dövlət opera və balet teatrı səhnəsində ilk quruluşu respublikanın xalq artisti, rejissor İ. Hidayətzadə və baletmeyster V. İ. Vronski tərəfindən həyata keçirilmişdi. Tərtibatçı rəssam, respublikanın əməkdar incəsənət xadimi F.Qusak idi. Həm rejissor, həm baletmeysterin quruluşda cəsarətli addımları başlıca məqsədə çatmaq - xalq rəqsləri ilə Avropa rəqs texnikasını çarpazlaşdırmaq yönündə atılmışdı. Yəni milli çalarlar mütləq saxlanmalı idi. Və baletin musiqisi də həmin məqsədə imkan verirdi. Baletin məzmunundan irəli gələn “divertismentli” səhnələşdirmələrə baxmayaraq, burada maraqlı və kəskin-dramatik səhnələrə də yer verilmişdi. Lakin quruluşda əsas vurğulanma Poladla Gülyanağın alovlu və mətin sevgisi çevrəsinə düşürdü.
Tamaşada məzmunun açıqlanması yönündə pantomimadan geniş faydalanmışdılar. Eyni zamanda baletin quruluşunda “variasiya” və “adajio”lar, “Sonalar gölü”, “Raymonda”, “Don Kixot” baletlərində olduğu kimi, klassik ənənələrə uyğunlaşdırılmışdı.
Gülyanağın ilk ifaçısı - ilk azərbaycanlı balerina Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirmişdi. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri (açması), gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən, biri-biri ilə səsləşən, coşqun heyranlıqla qarşılanmışdı. 25 aprel 1940-cı il tarixli "Pravda" qəzetində Ü. Hacıbəyov baletin tamaşaya qoyulması ilə bağlı çıxış edərək yazırdı:
"İstedadlı balerina Q. Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında o, xoreoqrafiya sənətinin çağdaş texnikası ilə xalq rəqsini yaradıcı şəkildə birləşdirə bilmişdir. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı, dolğunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən bizlərə xatirə kimi görünən "azərbaycanlı qadının faciəsinin ifadəsi kimi bizi həyəcanlandırır.”
Baletin ilk quruluşunda Cahangir xanın surəti sırf pantomima kimi düşünülmüşdü və A. Urvantsevin ifasında olduqca yaddaqalan surət kimi tanınırdı. Poladın igid, barışmaz surəti isə sonralar respublikanın xalq artisti adı qazanmış, o zaman gənc Konstantin Bataşova tapşırılmışdı.
“Qız qalası”nın 1959-cu ildə daha yeni, - ikinci quruluşunun baletmeysteri, sonralar SSRİ xalq artisti və professor adına layiq görülmüş Q. Almaszadə idi. Onun qardaşı Ənvər Almaszadə tamaşaya yeni bədii tərtibat vermişdi. 1959-cu ilin yeni redaksiyasında Poladla Gülyanağın faciəsi, Cahangir xanın zalım yaramazlığı daha kəskin vurğulanmışdı. Bununla bağlı "Sovetskaya kultura" qəzetinin 28 may 1959-cu il tarixli sayında çap olunmuş tənqidçi - sənətşünas N. Elyaşın “Azərbaycan baletinin tamaşaları” başlıqlı məqaləsində oxuyuruq:
..."Baletmeyster əfsanəvi surətləri genişmiqyaslı, el gücünü əks etdirən, onun daşıyıcıları olan qəhrəman surətlər kimi təfsir edir. Səmimi, coşqun gənc Poladın da, zərif, həyəcanlı Gülyanağın da səhnə yaşamında biz lap öncədən yenilməzliyi, barışmazlığı duyuruq. Və əsərin faciəli sonluqla bitməsinə baxmayaraq, məhz belə təfsir sayəsində “Qız qalası” qəhrəmanlıq ruhunda, olduqca nikbin səslənir.”
1959-cu il quruluşunda xan surətinin tamamilə yeni təfsiri ilə rastlaşırıq ki, bu da əsərin bədii kəsərini qat-qat artırır. 2-ci redaktənin uğurlarından elçilik edən qadın surətini göstərmək olar. Xumar xanım Zülfüqarovanın ifasında həmin surət də olduqca bədii kəsərli və yaddaqalan idi. Baletin ən gərgin dramatik məqamları hadisələrin gedişində rəqs yolları ilə öz həllini tapırdı. Əlbəttə, belə tapıntılar ilk növbədə baletmeyster istedadından irəli gəlirdi.
“Qız qalası”nın 2-ci redaktəsinin ifaçıları arasında SSRİ xalq artisti Leyla Vəkilovanı ayrıca vurğulamaq lazımdır. Onun səmimiyyət və ilhamla yaratdığı Gülyanaq surəti sevgilisi Poladla səhnələrdə şairanəliyi, Cahangir xanla səhnələrdə isə yenilməzliyi ilə seçilirdi. Əsərin proloqunda bədbəxt ananın ümidsizliyini də, sonrakı səhnələrdə gənc qızın düşdüyü çıxılmaz vəziyyəti də Leyla Vəkilova rəqs dili ilə tamaşaçılara inandırıcı çatdıra bilirdi. "
L. Vəkilovanın oyundaşları arasında Cahangir xanın öz qəddarlığı qədər parlaq surətini yaratmış K. Bataşovun və öz sevgisini xanın pəncələrindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı, respublikanın xalq artisti Məsud Məmmədovun adları balet tariximizdə silinməz izlər qoymuşlar.
Beləliklə, “Qız qalası” baleti 60 illik səhnə ömrü sürdü və yüzilliklərin, daha doğrusu, minilliklərin keçidində... Tamamilə yeni libretto ilə yeni quruluşda, yeni orkestr çalarları və yeni bədii tərtibatla səhnə ömrünə yenidən başladı... .
...Baletin ilk librettosu onun müəllifi Əfrasiyab Bədəlbəylinin qələmindən çıxan bütün ədəbi, publisistik və elmi əsərlərə xas olan düzgün biçimliliyi ilə seçilirdi. Gəlin qısaca da olsa, yada salaq.
Proloq. Qəddarlığı ilə tanınmış Bakı hökmdarı Cahangir xan, oğlu - varisi doğulacağını səbirsizliklə gözlədiyi halda, qızının dünyaya gəlişini qəzəblə qarşılayır. O uşağı öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı gəldiyindən, onu dayəsinə verib, saraydan gizlicə çıxmalarına kömək edir...
...Artıq 18 il keçmiş və körpə qızcığaz füsunkar gözələ çevrilmişdir. Həmişə şən, gülərüzlü Gülyanaq xoşbəxtdir, çünki onun sevib-seçdiyi Polad adında igid var. Və talelərinin birləşəcəyi gün artıq yaxınlaşıb.
Toyun ən qızğın yerində xan öz adamları ilə qasırğa kimi kəndlilərin üstünü alır. Qızın gözəlliyi və vaxtı ilə sevdiyi keçmiş arvadı ilə oxşarlığı onu heyrətə salır. Xan qərar verir ki, Gülyanaq onun arvadı olmalıdır. Lakin Polad sevgilisindən əl çəkə bilməz və onun uğrunda zülmkarla mübarizəyə hazırdır. Cahangir xanın əmri ilə Polad ölməlidir. Öz sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq xanın arzusunu yerinə yetirməyə razılaşır, lakin şərt qoyur: xan onun üçün dənizlə dövrələnən hündür qala tikdirməlidir. Cahangir xan razılaşır və onun əmri ilə kəndlilər hər yerdən qovulub tikintiyə gətirilirlər.
Nəhayət, qala tikilib qurtarır. Xan toyu başlamağı əmr edir. Hətta Gülyanağın onun doğma qızı olduğunu öyrənsə də, ondan əl çəkmək istəmir. Poladla xanın döyüşü sonuncunun ölümü ilə qurtarır. Cahangir xan üçün onun məhəbbəti rəmzi olan qala, Gülyanaq üçün ölüm qülləsinə çevrilir: ümidsizliyindən o özünü dənizə atır...
1959-cu ilin mayında Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə hazırlıq dövründə “Qız qalası” baleti bəstəkar tərəfindən yenidən işlənmişdi. Dəyişmələr aşağıdakılardan ibarət idi:
İlk libretto və redaktədə xanın öz adamları ilə kəndə soxulması öz hərəmxanasını genişləndirmək məqsədi güdürdü. Gülyanağın gözəlliyinə valeh olan hökmdar onunla evlənmək qərarına gəlir. Və Gülyanağın onun doğmaca qızı olduğunu biləndə belə, qərarını dəyişmir.
1959-cu ilin yeni redaktəsində Cahangir xan Gülyanağın keçmiş arvadı ilə qəribə oxşarlığından heyrətə gəlir, lakin onun özünün doğma qızı olduğunu son məqamda öyrənir. Milli çaları gücləndirmək üçün elçi qadın surəti də artırmalardan biridir.
2-ci redaktədə tikinti səhnəsinə yenidən baxılmış, daha sonra isə həmin səhnə qısaldılmışdı. Tikinti səhnəsindən sonrakı "Xanın xəyalları" şəkil-bölməsi "Poladın xəyalları" şəkil-bölməsi ilə əvəzlənmişdi. Həmin şəkil - bölmə qaranlıq məhbəsə salınmış Poladın sevgilisi haqqında düşüncələri, onun yuxusunda Gülyanağa qovuşmağı (İrəm bağında) və şərlə zorakılıq rəmzi Şəddadla qarşıdurması səhnələrindən ibarət idi.
İlk libretto və redaktədə xanın öz adamları ilə kəndə soxulması öz hərəmxanasını genişləndirmək məqsədi güdürdü. Gülyanağın gözəlliyinə valeh olan hökmdar onunla evlənmək qərarına gəlir. Və Gülyanağın onun doğmaca qızı olduğunu biləndə belə, qərarını dəyişmir.
1959-cu ilin yeni redaktəsində Cahangir xan Gülyanağın keçmiş arvadı ilə qəribə oxşarlığından heyrətə gəlir, lakin onun özünün doğma qızı olduğunu son məqamda öyrənir. Milli çaları gücləndirmək üçün elçi qadın surəti də artırmalardan biridir.
2-ci redaktədə tikinti səhnəsinə yenidən baxılmış, daha sonra isə həmin səhnə qısaldılmışdı. Tikinti səhnəsindən sonrakı "Xanın xəyalları" şəkil-bölməsi "Poladın xəyalları" şəkil-bölməsi ilə əvəzlənmişdi. Həmin şəkil - bölmə qaranlıq məhbəsə salınmış Poladın sevgilisi haqqında düşüncələri, onun yuxusunda Gülyanağa qovuşmağı (İrəm bağında) və şərlə zorakılıq rəmzi Şəddadla qarşıdurması səhnələrindən ibarət idi.
1959-cu ildə Moskva ongünlüyü üçün Aypərinin Gülyanaq haqqında söylədikləri (xanın doğma qızı olduğu haqqında!) I pərdədən III pərdəyə keçirilmişdi. Sonrakı dövrdə daha bir sıra dəyişikliklər aparılmışdı. Məsələn, II pərdə - "Poladın yuxusu", “Gülyanağın yuxusu” ilə əvəzlənmiş, lakin sonrakı məzmun olduğu kimi saxlanmışdı.
Bugünkü redaktə və quruluşda baletin dramaturji xətti köklü dəyişdirilib. İlk növbədə, uzaq keçmişdə xan qızının dünyaya gəlişinin sonralar sirrə çevrilməsini açıqlayan Proloq tamaşadan çıxarılıb.
Balet I pərdədən başlayır və burada öz gənc dostlarının dövrəsində Poladla Gülyanaq toylarına hazırlaşırlar. "Aypərinin xatirələri" səhnəsində, - öncəki redaktələrdə, Gülyanaq (atasının bağışladığı) bilərziyi yerə salır və heyrətlə belə bahalı bilərziyin hansı yolla əldə edildiyini soruşur. Aypəri düşüncələrində uzaq keçmişə qayıtsa da, belə əziz gündə qanqaralıq salmamaq üçün bilərziyi özünün bağışladığını bildirir.
Bugünkü, sonuncu quruluşda həmin səhnə köklü dəyişdirilib: Aypəri Gülyanağın toya hazırlığını tələsdirir.
Öncəki redaktə və quruluşun III pərdəsində, o zamanki tamaşaçıların səbirsizliklə gözlədikləri "Aypərinin sirri açması" səhnəsində həmçinin. Yeni quruluşda Aypərinin saraya gəlişi ancaq xana yalvararaq qızın nişanlı olduğunu bildirməsi və ona rəhm edərək taleyi ilə oynamamaq xahişi ilə bağlıdır. Əlbəttə, bütün məzmun dəyişmələri də, öz növbəsində, yeni libretto ilə bağlıdır.
Üzeyir Hacıbəyov “Pravda” qəzetinin 1940-cı il 25 aprel tarixli nömrəsində dərc edilən məqaləsində qeyd edirdi ki, “Qız qalası” baleti Sovet Azərbaycanı incəsənətinə qiymətli bir hədiyyədir.