Logo

“Ana dili – Azərbaycan məktəbi” layihəsinin ikinci yarımili üzrə qeydiyyat başa çatır

06.01.2024 23:23 224 baxış
IMG

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin ikinci yarımili üzrə qeydiyyat davam edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi 2024-cü il yanvarın 7-də başa çatacaq. İkinci yarımil üzrə dərslər yanvarın 15–dən aprelin 15-dək davam edəcək.

Qeyd edək ki, layihənin birinci yarımili bu il sentyabrın 15–dən dekabrın 25-i tarixlərini əhatə edib. Onlayn dərslərdə 359 nəfər xaricdə yaşayan azərbaycanlı iştirak edib. Ümumilikdə 36 qrup üzrə dərslər təşkil edilib. Birinci yarımilin yekununda imtahandan uğurla keçən 218 iştirakçıya sertifikat təqdim olunub.

Birinci yarımili uğurla yekunlaşdıran iştirakçılar növbəti səviyyə üzrə ikinci yarımildə təhsillərini davam etdirəcək.

2023–2024-cü tədris ilini əhatə edəcək layihə ölkəmizdən kənarda yaşayan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumat daxildir.

Layihə çərçivəsində proqramı uğurla bitirən və dərslərdə yüksək nəticə göstərən həmvətənlərimizin iştirakı ilə Bakı şəhərində yay məktəbinin təşkili nəzərdə tutulur.

Xəbər lenti