Logo

İTİ-nin Multimedia Texnologiyaları Mərkəzinin illik hesabatı müzakirə olunub

08.01.2024 16:08 268 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Multimedia Texnologiyaları Mərkəzinin 2023-cü il üzrə hesabatı müzakirə olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin illik elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib. O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların aparıldığını bildirib. Qeyd edib ki, şöbədə “İnternet mühitində reklam, marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə araşdırmalar davam etdirilib.

A.Səmidov “Kiber-fiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” çərçivəsində kiber-fiziki geosistemlərin araşdırılması və müqayisəli təhlilinin aparılması, eləcə də təcili tibbi yardım xidmətində kiber-fiziki geosistemlərin yaradılması ilə bağlı araşdırmaların aparıldığını söyləyib.

Sonra məruzəçi “Süni intellektə əsaslanan jurnalistika: problemlər və perspektivlər” mövzusu üzrə aparılan tədqiqatlardan danışıb. Qeyd edib ki, il ərzində “Dron jurnalistikası vasitəsilə informasiyanın toplanması, analizi və saxlanması məsələsi: dünya təcrübəsi”, “Süni intellekt çatbotları informasiya mənbəyi kimi”, “Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri”, eləcə də “İnformasiya inqilabları və jurnalistika” mövzularında müxtəlif məqalə və tezislər hazırlanıb.

A.Səmidov nüfuzlu beynəlxalq jurnallarda nəşr olunan məqalələr, eyni zamanda, şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə də məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Multimedia Texnologiyaları Mərkəzinin illik hesabatı ilə bağlı fikirlərini bölüşüb, şöbədə aktual problemlər üzrə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

Xəbər lenti