3 aprel tarixində Bakı Dövlət Universiteti Tarix fakültəsinin təşkilatçılığı ilə "Aprel döyüşləri - Vətən Müharibəsinin başlanğıcı" mövzusunda videokonfrans keçirilib.
Tədbiri giriş nitqi ilə açan Bakı Dövlət Universiteti Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində şanlı qələbə qazandı, düşmənin layiqli dərsini verdi. Bu şanlı qələbənin dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdiyini qeyd edib.
Bakı Dövlət Universiteti Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, şəhid ailəsinin üzvü Kəmalə Nəcəfova qeyd edib ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrinin təməlini qoydu.
Bakı Dövlət Universiteti Tarix fakültəsinin məzunu, Aprel döyüşlərinin iştirakçısı Səxavət Ağayev həmin döyüşlərdəki xatirələrini, keçirdiyi şərəfli döyüş yolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Bakı Dövlət Universiteti Tarix fakültəsinin I kurs tələbələri Rauf Həşimov, Səkinə Babayeva və Aytac Ələkbərzadə çıxışlarında qeyd ediblər ki, Azərbaycan Ordusu bu gün ən yüksək döyüş keyfiyyətlərinə malikdir. Erməni ordusunun məğlubedilməzliyi haqda yaranmış mif tamamilə darmadağın edildi. Aprel döyüşləri zamanı qazandığı qələbə Azərbaycan Ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk böyük qələbə idi. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının nəticəsi idi.
Qeyd edək ki, tədbirdə 200-dən çox tələbə iştirak etmişdir.