Logo

Müəllim olmaq...

10.01.2024 18:42 1116 baxış
IMG

Müəllim olmaq nə deməkdir? Bu suala ən doğru cavabı elə müəlllim olan şəxsin özü verə bilər. Çünki müəllim o hissi yaşayan şəxsin özüdür. Müəllim başqalarının görmədiyini görən, bilmədiyini biləndir. 

Dahi şəxsiyyət Heydər Əliyevin dediyi kimi "Müəllimlik ən yüksək qiymətə layiq olan peşədir". Burada söhbət həqiqi müəllimdən, öz adı ilə qürur duyan, hər zaman şagirdlərinə bir dost kimi yanaşan, onların pis gününə üzülüb, şad gününə sevinən müəllimlərdən gedir. Müəllim olan kəs öz sözləri ilə qəlbləri fəth etməli, şagirdlərinin qaranlıqda yoluna işıq saçmalıdır. Müəllim lazım gəldikdə acı sözləri ilə şagirdlərini danlamalı və beləcə onlara yaxşılıq etməyi bacarmalıdır.

Sizə Ağdaş rayonu Qoşaqovaq kənd tam orta məktəbin "Dil və Ədəbiyyat" müəllimi Qocayeva Növrəstə İmran qızından, onun kədərli, bir o qədər də qürurlu həyatından danışmaq istəyirəm. Bəli, o, əsl müəllim, müəllimlik peşəsini uca tutan, ədəbiyyata bağlı, öz ana dilini sevən fədakar pedaqoqlardan idi. O, bütün məktəb heyətinin böyüyü, bir baxışıyla istənilən şəxsə yerini bildirməyə qadir biri idi. Qocayeva Növrəstə mehriban və mərhəmətli idi. O, kiçicik qəlbində vətəninin bütün vətəndaşları üçün bir ömrü boyu sevgi bəsləyirdi. 
 
2016-cı il yanvar ayının 31-də gələn acı xəbər çoxlarını cavankən qocaltdı. Qoşaqovaq kənd tam orta məktəbinin "Dil və Ədəbiyyat" müəllimi vəfat etmişdi. O, ölümü ilə ümidlər söndürdü. İndi belə bir şəxsiyyətin ünvanına "Həyatdan doymamış rəhmətə getdi" necə deyəsən? Belə yerdə deyiblər "adamın dili, dodağı quruyur". 

Ölümündən sonra onu sevən insanların üzündən təbəssüm itmişdi. Axı onların itirdiyi tək bir can deyil, 60 illik xatirə, dostluq, yoldaşlıq, sirdaşlıq idi. 

Ağdaş rayonu Qoşaqovaq kənd tam orta məktəbi onu unutmayacaq. Sonda ömrünü gənclərin təlim-tərbiyəsinə, təhsilinə sərf edən əvəzsiz müəllimimin ruhuna bir bənd şeir ərmağan edirəm. 

Ədəbiyyat dünyası sizi səslədi hər gün. 
Getməyiniz tez oldu, ürəyimiz həsrətdədi. 
Bu dünyada qalanlar coşub ağladı hər gün. 
Sizə bağlı ürəklər, yenə də həsrətdədi. 

Maarif Məmmədli, BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti