Logo

Azərbaycanlı tibb alimi vəfat edib

11.01.2024 17:01 267 baxış
IMG

Azərbaycanın görkəmli tibb alimi, Əməkdar elm xadimi, “Şöhrət” ordenli həkim Solmaz Hüseyn qızı İsrafilbəyli vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Solmaz İsrafilbəyli 1928-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başlayıb və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (DHTİ) bazasında mamalıq və ginekologiya ixtisası üzrə aspiranturaya daxil olub.

1960-cı ildə “Nisbi göstərişlər əsasında aparılan qeysəriyyə kəsiyi əməliyyatı məsələsinə dair” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

S.İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyib. 1978-ci ildə isə “professor” elmi adı alıb.

O, DHTİ-nin Mamalıq və ginekologiya kafedrasına 2012-ci ilə qədər rəhbərlik edib və bundan sonrakı illərdə də elmi-pedaqoji fəaliyyətini davam etdirib.

İndiyə qədər çapdan çıxmış 180-ə yaxın elmi işin, o cümlədən üç monoqrafiyanın müəllifidir. İndiyə qədər S.İsrafilbəylinin rəhbərliyi altında 13 namizədlik (tibb üzrə fəlsəfə doktorluğu) və üç doktorluq dissertasiyası işlənilərək müdafiə edilib.

O, 1974-cü ildə Azərbaycan Mama və Ginekoloqlarının Elmi Cəmiyyətinin sədri vəzifəsinə seçilib, 1982-89-cu illərdə Respublika Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu vəzifəsini yerinə yetirib. 1987-ci ildə ona tibb elminin və səhiyyənin inkişafında rolu nəzərə alınaraq, “Əməkdar elm xadimi” fəxri adı verilib, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Xəbər lenti