Logo

Alzheimer xəstələrində beyin hüceyrələrinin hansı səbəbdən öldüyü aşkar edilib - FOTO

12.01.2024 11:14 239 baxış
IMG

Alimlər Alzheimer xəstələrində beyin hüceyrələrinin hansı səbəbdən öldüyünü aşkar ediblər.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanı aparan İngiltərə və Belçika alimləri bununla bağlı məlumat verib. Bildirilib ki, bu məsələ uzun müddətdir tədqiqatçılar arasında müzakirə olunub.

Araşdırma “Science” jurnalında dərc edilib. Xəstələrin beynində anormal şəkildə yığılmağa başlayan zülallarla “nekroptoz” adlanan hüceyrə ölümü prosesi baş verir. Bununla da yaddaşın itirilməsi kimi bir xəstəliyin yaranmasına səbəb olur. Alzheimer xəstəliyinin əsas əlamətləri neyron adlanan sinir hüceyrələrinin yox olması nəticəsində yaranır. Normal şəraitdə bədənimiz nekroptoz yolu ilə arzuolunmaz hüceyrələri məhv edir və yeni hüceyrələr üçün yer açır. Xəstə insanların beyninə diqqətlə baxdıqda amiloid və tau adlı zülalların anormal şəkildə yığılmağa başladığını görmək mümkündür. Lakin bu zülallarla xəstəliyin əsas əlamətləri arasında əlaqə əvvəllər tapılmayıb. Londondakı Kollec, Belçikanın KU Luven Universiteti və Böyük Britaniya Demans Tədqiqat İnstitutunun alimləri bu əlaqəni ortaya çıxardıqlarını bildiriblər. Onların tədqiqatına görə, Alzheimer xəstələrinin beyinlərindəki neyronlar arasında anormal miqdarda amiloid lövhələri və tau dolaşıqları əmələ gəlir. Bu beyin ödəminə səbəb olur. Ödəm neyronlardakı kimyəvi tarazlığı pozur. Lövhələrin və dolaşıqların meydana gəlməsi ilə beyin hüceyrələri MEG3 adlı xüsusi bir molekul istehsal edir. MEG3 molekulu nekroptozu, yəni hüceyrə ölümünü yaratdığı üçün bu prosesdə əsas rol oynayır. Alimlər müəyyən ediblər ki, MEG3 sıxışdırıldıqda və ya onun siqnalları bloklandıqda hüceyrələrin ölümü dayandırılır.

Bununla bağlı açıqlama verən professor Bart De Trooper diqqətə çatdırıb ki, bu, çox vacib və maraqlı bir kəşfdir: “İlk dəfə olaraq, neyronların Alzheimer xəstəliyi səbəbindən necə və nə üçün öldüyünə dair bir sübut əldə edə bildik. Son 30-40 ildə bu mövzuda çox fərziyyələr var idi, lakin heç kim bunun necə olduğunu dəqiq deyə bilməyib. Tədqiqat üçün insan beyin hüceyrələri geni dəyişdirilmiş siçanların beyninə köçürülüb. Heyvanlar genetik olaraq dəyişdirilib, onların beyinləri böyük miqdarda amiloid istehsal edir. Beyindən amiloidi çıxaran dərmanların hazırlanmasında son vaxtlar uğur əldə edilib və həmin dərmanlarla beyin hüceyrələrinin məhvini yavaşlatmaq üçün ilk müalicəni etməyə hazırıq”, - deyə professor əlavə edib.

Xəbər lenti